Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfəri çərçivəsində Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb

Sədrin səfərləri
29 sentyabr 2021 | 17:47   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Milli Məclisin sədrini salamlayan Qazaxıstan Parlament Məclisinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. O, Azərbaycanı Vətən müharibəsində qazandığı qələbə münasibətilə təbrik edib və ölkəmizə uğurlar arzulayıb. Bildirib ki, müharibədən sonra regionda yaranmış yeni situasiya iqtisadi inkişafa öz təsirini göstərəcək, nəqliyyat və kommunikasiyaların bərpa olunması bölgə dövlətlərinin və xalqlarının xeyrinə olacaq.

İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyən Nurlan Niqmatulin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib. Spiker Azərbaycanın TÜRK PA -ya sədrliyi dövründə görülən işlərdən danışıb və Qazaxıstanın sədrliyi dövründə iki ölkə arasında  əməkdaşlığın daha da güclənəcəyinə inamını ifadə edib. Ölkələrimizin strateji müttəfiq olduğunu qeyd edən Nurlan Niqmatulin siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası əlaqələrimizin daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib.

Qonaqpərvərliyə və səmimi fikirlərə görə təşəkkürünü bildirən Sahibə Qafarova

diqqətə çatdırıb ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Bu münasibətlərin inkişafında ölkə başçılarımızın xüsusi rolu var.

Milli Məclisin sədri Türküstan şəhərində TÜRKPA-nın 10-cu plenar iclasında Azərbaycanın 27 sentyabr – Anım Gününün yad edilməsinə və bu təşəbbüslə çıxış etdiyinə görə qazaxıstanlı həmkarına təşəkkürünü bildirib və bu təşəbbüsün Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.

İki ölkənin parlamentləri arasındakı əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu müstəvidə, həmçinin TÜRK PA çərçivəsində əməkdaşlıq müstəvisində həyata keçirilən qarşılıqlı səfərlər parlamentlərarası münasibətlərimizin inkişafında mühüm əhəmiyyətə malikdirlər. Azərbaycanın Milli Məclisində, Qazaxıstan parlamentinin isə hər iki palatasında fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına töhfə verir.  

Siyasi, iqtisadi, mədəni, parlamentlərarası əlaqələrimizin inkişaf perspektivlərindən danışan Sahibə Qafarova iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib. Bildirib ki, hər iki ölkədə qarşılıqlı olaraq Azərbaycan və Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərirlər. Bu baxımdan ölkələrimizi birləşdirən Xəzər dənizi bu gün vacib nəqliyyat arteriyasına çevrilib. 2018-ci ilin avqustunda Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya isə tarixi əhəmiyyətli sənəddir. Bu Konvensiya həm Azərbaycan Milli Məclisi, həm də Qazaxıstan Senatı tərəfindən ratifikasiya olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verən Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub, Qarabağın statusu məsələsi birdəfəlik aradan qalxıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb, talan edib. Heç də təsadüfi deyil ki, Ermənistanın işğalından azad olunmuş bu əraziləri Qafqazın Xirosiması adlandırırlar. Milli Məclisin sədri Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.

Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan Xocalı soyqırımının 30 illiyi gəlir. Spiker bu faciə barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırım kimi tanımışlar. İstərdik ki, Qazaxıstan parlamenti də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirsin.

Görüşün sonunda Milli Məclisin sədri qazaxıstanlı həmkarına “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.

Görüşdə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər iştirak ediblər. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU