Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfəri çərçivəsində Senatın sədri Maulen Aşımbayev ilə görüşüb

Sədrin səfərləri
29 sentyabr 2021 | 17:56   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.

Milli Məclisin sədrini salamlayan Qazaxıstan Parlamenti  Senatının sədri  Vətən müharibəsində qazanılmış qələbə münasibətilə Azərbaycana təbriklərini çatdırıb. O, iki ölkə arasında diplomatik əlaqələrin tarixindən söz açaraq müstəqillik dövründə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Azərbaycanı və Qazaxıstanı birləşdirən ortaq dəyərlərdən danışan Senatın sədri qarşılıqlı əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu deyib,  əməkdaşlığın intensivləşdirilməsinin vacibliyindən danışıb. O, Azərbaycanın TÜRK PA çərçivəsində əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirib, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Sahibə Qafarova Qazaxıstana səfərindən və TÜRK PA-nın 10-cu Plenar iclası çərçivəsində aparılan müzakirələrdən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib.

İkitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsində dövlət başçılarının xüsusi rolunu vurğulayan Sahibə Qafarova bildirib ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlərin güclü hüquqi bazası formalaşdırılıb. Sədr parlamentlərimiz arasında əlaqələrin genişlənməsi istiqamətində hər iki tərəfdən dostluq qruplarının səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

İki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Sahibə Qafarova Qazaxıstanın TÜRK PA-ya sədrliyi dövründə bu əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib. O, iqtisadi münasibətlərin önəmini qeyd edərək, hər iki ölkədə qarşılıqlı olaraq Azərbaycan və Qazaxıstan şirkətlərinin təqdirəlayiq fəaliyyət göstərdiyini diqqətə çatdırıb.   

Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu, ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir.   

Söhbət zamanı ölkələrimizin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasındakı fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə haqqında məlumat verən Milli Məclisin sədri deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad edib. Bununla da ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, artıq münaqişə tarixə qovuşub, Qarabağın statusu məsələsi birdəfəlik aradan qalxıb və Azərbaycan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərinə start verib. Ermənistan işğal dövründə şəhər və kəndlərimizi vəhşicəsinə dağıdıb və talan edib. Buna görə də bu ərazilər Xirosimaya bənzədilir. Bugünlərdə ölkəmizdə səfərdə olan Qazaxıstan parlament nümayəndə heyətinin üzvləri həmin ərazilərə gedərək reallıqla tanış oldular.

Sonra Milli Məclisin sədri həmkarının diqqətinə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımının 30 illiyi ərəfəsindəyik. Bir çox dünya ölkələrinin parlamentləri bu soyqırımını tanıyıblar. Qazaxıstan parlamentinin də Xocalı soyqırımına münasibət bildirməsi yaxşı olardı.  

Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri Nursultandakı “Astana-Bayterek” abidəsini ziyarət ediblər. Burada nümayəndə heyətimizin üzvlərinə abidə haqqında geniş məlumat verilib.

Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan nümayəndə heyətini müşayiət edib.

Görüşdə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər iştirak ediblər. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU