Milli Məclis sədrinin müavini Adil Əliyev Salyan rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimində iştirak edib
Oktyabrın 6-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhidlərimizin anım tədbirlərində iştirak etmək üçün Salyan rayonunda olub.
Səfər zamanı Adil Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Salyan rayonundan deputat seçilmiş Jalə Əhmədova ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra vitse-spiker rayonun bir sıra rəsmi şəxsləri və ağsaqqalları ilə birgə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb.
Görüşdə Milli Məclis sədrinin müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilərək, ərazi bütövlüyümüzün təmin edildiyini bildirib. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 il davam edən təcavüzünə cəmi 44 gün müddətində son qoyulduğunu, qazanılmış tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğumuzu deyib.
Adil Əliyev öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının ən yüksək səviyyədə olduğunu vurğulayıb.
O, ölkə başçısının son günlər Suqovuşan qəsəbəsinə və Cəbrayıl rayonuna səfərləri zamanı işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq və quruculuq işləri ilə yaxından maraqlandığını deyərək, Qarabağımıza yeni nəfəs gəldiyini qeyd edib.
Anım tədbirlərində iştirak edən millət vəkili Jalə Əhmədova 2020-ci ilin tariximizə qələbə ili olaraq yazıldığını, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qüdrətli ordumuzun ərazi bütövlüyümüzü tam bərpa etdiyini bildirib. O, xalqımızın qəhrəman övladlarının bu müqəddəs amal uğrunda cəsarətlə döyüşdüyünü, öz canlarını bu yolda düşünmədən qurban verdiyini deyib.
Tədbirdə çıxış edənlər şəhidlərimizin döyüş yolundan danışaraq, onların canı bahasına əldə edilən qələbənin ölkəmiz üçün ən əlamətdar tarixi hadisələrdən biri olduğunu vurğulayıblar.
Anım mərasimində şəhidlərimizin ruhuna dualar oxunub. Bildirilib ki, xalqımız hər zaman ölkə başçısının ətrafında bir yumruq kimi birləşib.
Tədbirin sonunda “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi