Neftçala rayonunda şəhidlərimizin anım mərasimində
Oktyabrın 6-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Neftçala rayonunda şəhidlərimizin anım tədbirlərində iştirak edib.
Əvvəlcə, parlament sədrinin müavini Adil Əliyev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra vitse-spiker şəhid ailələri, qazilər, rayonun rəsmi şəxsləri və ağsaqqalları ilə birgə Şəhidlər Xiyabanında olub, Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.
Şəhidlərimizin ildönümü mərasimində iştirak edən Adil Əliyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 30 il davam edən işğala qısa müddətdə son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünün tam bərpa edildiyini deyib. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilib, ordumuz müasir silahlarla və hərbi texnika ilə təmin edilib, əsgərlərimizin döyüş qabiliyyəti yüksəlib. Ölkəmizdə hal-hazırda formalaşmış nizami ordunun şücaəti və cəsarəti sayəsində xalqımız düşmən üzərində tarixi qələbəni əldə edib və bununla da “Böyük Ermənistan” yaratmaq xülyasına son qoyulub.
Parlament sədrinin müavini şəhid valideynlərinə üzünü tutaraq qəhrəman övladlarımızın öz həyatları bahasına düşmənin canlı qüvvəsini məhv etdiyini bildirib. Şanlı ordumuz tərəfindən Ermənistanın hərbi texnikasının darmadağın edildiyini, düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanın hazırda Hərbi Qənimətlər Parkında nümayiş etdirildiyini söyləyib.
Anım mərasimində şəhid atalarına Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Qələbəmizin rəmzi olan “Dəmir yumruq” xatirə simvolu təqdim edilib.
Daha sonra vitse-spiker Adil Əliyev və İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Burada 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Elimdar Səfərovun ev muzeyinin açılışında iştirak ediblər. Tədbirdə Elimdar Səfərovun döyüş meydanındakı qəhrəmanlığından, igidliyindən, şücaətindən danışılıb və şəhidlərimizin ruhuna dualar oxunub.
Keçirilən görüşlərdə şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi