MİLLİ MƏCLİSİN İCLASINDA

Plenar iclaslar
11 oktyabr 2021 | 19:04   
Paylaşın:        

Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin Slovakiya Respublikasına oktyabrın 7-dən 9-dək davam etmiş rəsmi səfəri barədə qısa məlumat verib.

Parlamentin sədri xatırladıb ki, Slovakiya Mərkəzi Avropada yerləşən bir dövlətdir. Əhalisi 6 milyon nəfərə yaxın, ərazisi təqribən 49 min kvadrat-kilometrdir. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.

Sahibə Qafarova deyib ki, bu səfər, ümumiyyətlə, Milli Məclisin sədrinin Slovakiyaya ilk rəsmi səfəri idi. Spiker qeyd edib ki, o, Slovakiyanın paytaxtı Bratislavada  ölkənin Baş naziri cənab Eduard Heger ilə görüşüb. Daha sonra sədr və nümayəndə heyətimiz parlamentin – Milli Şuranın Sədri cənab Boris Kollar ilə, dostluq qrupu ilə və xarici işlər naziri cənab İvan Korçok ilə görüşüb danışıqlar aparıblar. Milli Məclisin sədri və cənab Kollar Skovakiya mətbuatı üçün birgə brifinq də keçiriblər.

 Sədr diqqətə çatdırıb ki, Skovakiyada söhbətlər zamanı o, Azərbaycanın Avropa İttifaqının üzvü olan dövlətlər ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyi məsələlərində ölkəmizin oynadığı rol haqqında danışıb.

Sahibə Qafarova 44 günlük Vətən müharibəsində böyük qələbə haqqında məlumat verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan 30 ildən bəri Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edərək, həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.

Sədr həmsöhbətlərinin nəzərinə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin iyul ayında imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü müəyyənləşdirilib, 2 yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

O, görüşlərdə Ermənistanın təxribatları barədə də məlumat verildiyini deyib. Bildirib ki, Ermənistan işğaldan azad olunmuş ərazilərə terrorçu qruplar göndərir, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra tutulmuş terrorçuları hərbi əsirlər kimi qələmə verir, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır. Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində bu günədək 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.

Bu isə bir daha onu göstərir ki, Ermənistan həmişə olduğu kimi, beynəlxalq humanitar hüququ kobudcasına pozmaqda davam edir.

Sahibə Qafarova deyib ki, o, bununla əlaqədar olaraq, ötən ilin noyabrında Slovakiya parlamentində qəbul edilmiş  Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 2021-ci il aprelin 1-də qəbul edilmiş "Dağlıq Qarabağ haqqında" qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.

Gələn il Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd ediləcəyini nəzərə çatdırıb. Xatırladıb ki, bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar insanlığa qarşı törədilmiş bu qətliama dair müvafiq qərarlar qəbul ediblər. Sədr ümidvar olduğumu bildirib ki, Slovakiya parlamenti də Xocalı soyqırımının tanınması prosesinə başlayacaqdır.

Spiker öz nitqində söhbətlər zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artması üçün müvafiq tədbirlərin görülməsi, "COVID-19" pandemiyasına qarşı mübarizədə atılan addımlar, post-pandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsinin aparıldığını deyib.

Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərin uğurla keçdiyini söyləyib və bununla əlaqədar olaraq, səfərdə onunla  birlikdə olmuş və danışıqlarda fəal iştirak etmiş həmkarlarına təşəkkürünü bildirib.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlardan Hikmət Məmmədov, Rəşad Mahmudov, Fazil Qəzənfəroğlu, Nizami Səfərov, Aqil Abbas, Elman Məmmədov, Elşən Musayev, Azay Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı və Razi Nurullayev seçiciləri narahat edən məsələlər, pandemiya ilə mübarizə, siyasi partiyaların nümayəndələrinin Şuşa səfəri və ölkəmizin ictimai-siyasi həyatına dair digər mövzularla bağlı fikirlərini bildiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəlikdəki birinci məsələ - “Müstəqillik Günü haqqında” qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Azərbaycanın Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ərəfəsində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması əlamətdar hadisə olmaqla yanaşı, tariximizə hörmətin ifadəsidir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir Azərbaycan dövləti tarixi varislik üzərində inkişaf edərək bugünkü yüksək səviyyəyə gəlib çatıb. Təqdim edilən qanun layihəsinin məramı tarixi ədaləti bərpa etmək və ötən 103 ilin 2 möhtəşəm hadisəsinə dəqiq və düzgün qiymət verilməsini təmin etməkdir.   

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, müstəqilliyimizin məhz bərpasının 30 illiyi ərəfəsində cənab Prezident tərəfindən dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan “Müstəqillik Günü haqqında” qanun layihəsi təqdim edilməsi çox təqdirəlayiq haldır. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən xalqımız öz müstəqilliyini bərpa edib. Bu tarixi günlərin mahiyyətinə və məzmununa uyğun daha dəqiq ifadə olunması indiki qanun layihəsində öz əksini tapıb. Beləliklə, təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Müstəqillik günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd edilsin.

Əli Hüseynli həm tarixi xronologiya baxımından, həm də mahiyyət baxımından bu günlərin dövlətçilik tariximizin ən vacib günləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu qanun layihəsi tarixdə baş vermiş hadisələri daha dəqiq özündə ehtiva edir. Cənab Prezidentin təqdim etdiyi bu qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində geniş müzakirə edilib və ətraflı fikir mübadiləsi aparılıb.

Qanun layihəsi barədə çıxış edən Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Hikmət Məmmədov, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Nurlan Həsənov, Kamilə Əliyeva, Aydın Mirzəzadə, Emin Hacıyev, Əli Məsimli, Fazil Mustafa və Vahid Əhmədov  qanun layihəsinin zəruriliyindən bəhs ediblər, onun müstəqillik tarixi baxımından vacibliyinə toxunublar. 

Fasilədən sonra “Müstəqillik Günü haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam etdirilib. Çıxış edən Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlar Nizami Səfərov, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Anar İsgəndərov, Musa Qasımlı, Ramin Məmmədov, Nigar Arpadarai, Erkin Qədirli, Azər Badamov, Asim Mollazadə, Cavid Osmanov, Etibar Əliyev, Tahir Kərimli, Azay Quliyev və Sahib Alıyev  müzakirə olunan qanun layihəsinin Vətən müharibəsində Azərbaycanın zəfəri və dövlətçilik tarixi baxımından əhəmiyyətini, daşıdığı məna yükünü xüsusi qeyd ediblər.

Sonra “Müstəqillik Günü haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsinə də baxılıb. Milli Məclisin deputatı Azay Quliyev  bu komitənin üzvü seçilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU