Azərbaycan-Pakistan münasibətləri inkişaf edir

Tədbirlər
13 oktyabr 2021 | 18:13   
Paylaşın:        

Oktyabrın 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

Qonağı salamlayan Səməd Seyidov Azərbaycanla Pakistanı ortaq dəyərlər, qardaşlıq əlaqələri birləşdirdiyini və aramızdakı münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib. Komitə sədri Azərbaycanın Pakistanla münasibətləri daha da inkişaf etdirməyə xüsusi önəm verdiyini vurğulayıb. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlandığı dövrdə də, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı 44 günlük Vətən müharibəsində də Pakistanın haqq işimizi qətiyyətlə müdafiə etməsini, siyasi və mənəvi dəstək göstərməsini yüksək qiymətləndirib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, hökumətlərimiz və xalqlarımız arasında  yaxın əlaqələrin mövcudluğu ali qanunvericilik orqanlarımızın münasibətlərində də öz əksini tapıb. Məhz bu münasibətlərin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan, Türkiyə, və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün keçirilməsinin, üçtərəfli parlament əməkdaşlıq formatının təsis edilməsinin və Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Milli Məclisin komitə sədri müharibədən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın bölgə dövlətlərinə fayda verəcək iqtisadi əməkdaşlıq təklifləri və davamlı sülhün bərqərar edilməsi istiqamətində təşəbbüsləri barədə danışıb.

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, bölgədə yeni inkişaf imkanlarının yaranmasını alqışlayıb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, müxtəlif platformalarda siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU