Milli Məclisin sədri Sahibə Qafarovanın BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşü olub

Sədrin səfərləri
14 oktyabr 2021 | 12:45   
Paylaşın:        

Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşüb.

Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirən Milli Məclisin sədri deyib ki, ölkəmiz həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. O, xatırladıb ki, Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Müasir dövrdə dünyada baş verən dəyişikliklər fonunda qadınların bir çox sahələrdə artan rolu haqqında danışan Sahibə Qafarova deyib ki, bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.

Görüşdə ölkəmizdə qadınlarla bağlı dövlət siyasətinin tarixi barədə məlumat verən spiker qeyd edib ki, Azərbaycan qadınları həmişə ictimai-siyasi proseslərdə fəal olub. O, xatırladıb ki, 1918-ci ildə Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti qadınlara seçki hüququ verən qanun qəbul edib. Bununla da Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi, universal seçki hərəkatının da öncüsü olmuşdur.

S.Qafarova 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində də yeni uğurlar əldə edildiyini qeyd edib. O, bu sahədə atılan addımların qadınların cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsinə, onların ölkəmizin inkişafına töhfələrinin əsaslı şəkildə artmasına imkan verdiyini bildirib. Milli Məclisin sədri Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın müasir dövlətçiliyimizdə böyük xidmətlərini xüsusi vurğulayaraq, onun çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün örnək təşkil etdiyini söyləyib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə həyata keçirib. Milli Məclisin sədri deyib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpası ilə məşğuldur.

BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir müasir dövrdə gender məsələləri, qadınların cəmiyyətlərdə artan rolu, bir sıra ölkələrdə cinsi ayrı seçkiliklə bağlı problemlər və digər məsələlərə toxunub. O, iki il öncə Azərbaycana səfərini xatırladaraq, ölkəmizdə gender sahəsində vəziyyətlə tanış olduğunu, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlu olduğunu bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qadınların cəmiyyətdə rolu barədə fikirlərini bölüşüb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU