KOMİTƏLƏRDƏ 2013-cü il DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI

Komitə iclasları
06 noyabr 2012 | 06:11   
Paylaşın:        

Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlandı.
Öncə Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan televiziyası və radiosu günü münasibətilə jurnalistləri təbrik etdi.
Sonra iclası aparan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılan sənəddən söz açdı. Son illər Azərbaycanda büdcənin təkmilləşdirildiyini, elmi əsaslara söykənən pul-kredit siyasətinin aparıldığını vurğuladı. Bütün bunların təkcə MDB-də yox, Avropa miqyasında nüfuzlu beynəlxalq qurumlar tərəfindən ən yüksək səviyyədə bəyənildiyini qeyd etdi. Ölkəmizdə həyata keçirilən sosial və regional proqramların, tikilən yeni müəssisələrin işə salınmasının müsbət nəticələr verdiyini dedi. 2013-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsində həmin sahələrə dair ayırmalarda daha yüksək rəqəmlərin nəzərdə tutulduğunu bildirdi. Gələn ilin dövlət büdcəsi layihəsinin reallığa əsaslandığını və Azərbaycanın inkişafına xidmət edəcəyini söylədi.
İclasda  maliyyə naziri Samir Şərifov dövlət və icmal büdcələrinin     layihəsi, həmçinin büdcə zərfinə daxil olan sənədlər barədə ətraflı məlumat verdi. Nazir bildirdi ki, 2013-cü ilin büdcə layihəsinin tərtibi prosesində büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların təqdim etdikləri xərc sifarişlərinin ölkənin strateji inkişaf prioritetlərinə uyğunluğu öyrənilib.  Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu vəzifələrin icrası üçün sabit maliyyə təminatı nəzərdə tutulub.
Samir Şərifov dedi ki, gələn ilin dövlət büdcəsinin xərcləri Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaq.
Layihəyə əsasən, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizi həcmində olacaq ki, bu da 2012-ci illə müqayisədə 1 faiz çoxdur. Gələn il üçün dövlət büdcəsi gəlirlərinin həcmi 19 milyard 154 milyon manat nəzərdə tutulub. Bu, cari ilin proqnozuna nisbətən 2 milyard 116 milyon manat, yaxud 12,4 faiz çoxdur.
2013-cü ilin dövlət büdcəsinin xərcləri isə ÜDM-in 35,3 faizi həcmində nəzərdə tutulur ki, bu da 19 milyard 810 milyon manat deməkdir. Həmin rəqəm cari ilə nisbətən 12,1 faiz, yaxud 2 milyard 138 milyon manat çoxdur.
Nazir onu da qeyd etdi ki, gələn ilin dövlət büdcəsi xərclərinin 10 milyard 516 milyon manatı və ya 53,1 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə ayrılacaq. Sosialyönümlü xərclərin 2013-cü il büdcəsindəki xüsusi çəkisi isə 25,4 faiz, yəni 5 milyard 37 milyon manat olacaq.
Sonra iclasda “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə Hesablama Palatasının sədri Heydər Əsədovun rəyi dinlənildi. Sənədi keyfiyyətcə yüksək dəyərləndirən qurumun rəhbəri bildirdi ki, gələn ilin dövlət büdcəsi qarşıya qoyulan hədəflərə çatmağa, əhalinin rifahını yaxşılaşdırmağa, dövlətin iqtisadi sahədə siyasətinin uğurla həyata keçirilməsinə etibarlı maliyyə təminatı yaradır. Yeni hədəflər baxımından da sənəddə xeyli rəqəmlər var. Gələn ilin büdcə kəsiri 1 faizin altında olacaq.
Müzakirələrdə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev, Musa Quliyev rəy və təkliflərini nəzərə çatdırdılar. Çıxışlarda qeyri-neft sektorunun inkişafı vacibliyi, kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə bağlı tədbirlərin görülməsi, süni qiymət artımının qarşısının alınması, daxili bazarın qorunması, orta təbəqənin formalaşması kimi məsələlərə də toxunuldu. 2013-cü il dövlət büdcəsinin Azərbaycan xalqının mənafeyinə xidmət edən sənəd olduğu vurğulandı. 
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsinə və çıxışlarda səslənən bir sıra məsələlərə münasibətini açıqladı. Kənd təsərrüfatı məhsullarının ixracına yönəlmiş tədbirlərin vacibliyini qeyd etdi.
Komitələrin birgə iclasında iştirak edən dövlət və hökumət qurumlarının nümayəndələrindən Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov fikirlərini bölüşdü. 
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi komitələrin yekdil qərarı ilə Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU