Ukraynalı deputatlar Gəncə və Ağdam şəhərlərinə səfər ediblər
Xəbər verildiyi kimi, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ölkəmizdə səfərdədirlər.
Səfər çərçivəsində dostluq qrupunun həmsədrləri Valeriy Kolyux, Vladimir Kreydenko və nümayəndə heyətinin üzvləri Gəncə şəhərinə səfər ediblər.
Ukrayna Ali Radasının nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkib. Qonaqlar ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olublar.
Onlara məlumat verilib ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Ukrayna nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
* * *
Sonra Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdam şəhərində olub. Qonaqlara məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
Qonaqlar Ağdam şəhərindəki İmarət kompleksini, Pənahəli xanın buradakı sarayını və qəbiristanlığı, İbrahimxəlil xanın türbəsini və Xurşidbanu Natəvanın qəbirüstü abidəsini, Ağdam Cümə məscidini ziyarət ediblər, inzibati binaların və Ağdam Dram Teatrının binasının qalıqları ilə tanış olublar.
Qonaqlara Ağdam şəhərinin Baş planı və burada həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.
Səfərin yekununda Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko Gəncə və Ağdamla bağlı təəssüratlarını KİV nümayəndələri ilə bölüşüblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi