Gəncədə Vətən müharibəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsi anılıb

Tədbirlər
18 oktyabr 2021 | 14:23   
Paylaşın:        

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlamentin komitə sədri Musa Quliyev, deputat Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, din xadimləri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Gəncə terrorunun qurbanlarının xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Ermənistan qeyri-qanuni üsullarla, qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış massivlərini, mülki şəhərləri, xüsusi ilə də Gəncəni bombalayıb. Lakin Azərbaycan Ordusu həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vuraraq alıb. Ordumuz bununla tamamilə fərqli döyüş əxlaqı, hərbi mənəviyyat nümayiş etdirib.  

Çıxış edənlər Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi qırğınlardan danışıb, bu terrorun şəhər sakinlərini qorxutmadığını bildiriblər.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Azərbaycanın ikinci böyük şəhəri raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla mülki şəxslər həlak olub və yaralanıblar. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə külli miqdarda ziyan dəyib.

Sonra iştirakçılar həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılan ərazilərə tər çiçəklər düzüblər, həlak olan dinc sakinlərin ruhlarına dualar oxunub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU