Milli Məclis sədrinin müavini Adil Əliyev Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının konventində çıxış edib

Tədbirlər
18 oktyabr 2021 | 19:39   
Paylaşın:        

Oktyabrın 14-dən 16-dək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının 13-cü konventi keçirilib.

Milli Məclis sədrinin müavini Adil Əliyev konventin işində iştirak edib. Vitse-spiker plenar sessiyada “Davamlı inkişaf və ESG-transformasiyalar” mövzusunda çıxış edib. O, qeyd edib ki, iqlim dəyişmələri və energetik transformasiyalar sahəsində bu tədbirdə müzakirə edilən mövzular Azərbaycan üçün xüsusilə aktualdır.

Adil Əliyev bidlirib ki, məhz buna görə ölkəmizdə Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yanında ictimai ekoloji şura yaradılıb, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi (IDEA) fəaliyyət göstərir, bu ilin əvvəlində isə IDEA birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın davamlı inkişafı naminə Milli Alyans (DANMA) təsis edilib.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, son illərdə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində ciddi tərəqqiyə nail olub. Prezident İlham Əliyev ekologiya problemlərinin həllinə böyük diqqət yetirir. Bu, ölkədə ekoloji və sosial-iqtisadi şəraitin xeyli yaxşılaşmasına gətirib çıxarıb. Azərbaycanda bütün hakimiyyət orqanları davamlı inkişaf prinsiplərinin və ideologiyasının dövlət səviyyəsində həyata keçirilməsi üzərində işləyirlər. 2016-2017-ci illərdə Azərbaycan Hökuməti tərəfindən ölkənin Strateji İnkişaf Planı işlənib hazırlanıb. Onların içərisində Azərbaycanın İnkişaf Konsepsiyası-2020 xüsusi yer tutur. Ölkənin inkişafında prioritet istiqamətləri iqtisadiyyatın diversifikasiyası, iş yerlərinin yaradılması, infrastrukturun, təhsilin, səhiyyənin və sosial xidmətlərin  əlçatanlığının və keyfiyyətinin davamlı olaraq yüksəldilməsi təşkil edir.

Bundan başqa, təbiətin və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi vəziyyətinin bərpası üçün genişmiqyaslı işlər görülməlidir. İşğaldan azad edilən torpaqlarda yaşayış məntəqələrinin bərpası, infrastruktur obyektləri, hava limanları tikilməsi, yollar, körpülər, tunellər və digər obyektlər, elektrik xətləri və su təchizatı xətlərinin çəkilməsi kimi layihələr həyata keçirilir. Məcburi köçkünlərin evlərinə tez qayıtmaları üçün şərait yaradılır.

2017-ci ildə bizim ölkəmiz qlobal rəqabət qabiliyyətliliyə görə 69-cu yerdə qərarlaşıb. 2019-cu ildə isə Azərbaycan bu göstəricilərə görə 32-ci yerə yüksəlib.

Qeyd edək ki, Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının XIII konventi “Prioritet 2030” strateji akademik liderlik proqramının dəstəyi ilə keçirilir. Konvent çərçivəsində bir sıra çoxtərəfli və ikitərəfli dialoq, elmi və təhsil təyinatlı tərəfdaş müəssisələrin tədbirləri də baş tutub.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU