MDB Gənclər Parlamentlərarası Assambleyasına koordinatorluq Azərbaycana keçəcək
Milli Məclisin deputatları Emin Hacıyev və Könül Nurullayeva MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının 17-ci iclasında və bu çərçivədə keçiriləcək tədbirlərdə iştirak etmək üçün oktyabrın 20-dən 23-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.
MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının oktyabrın 21-də keçiriləcək 17-ci iclasında qurumun 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, “MDB-yə üzv ölkələrdə gənclər turizmi: hazırkı vəziyyət və əsas inkişaf istiqamətləri”, “MDB gəncləri və dayanıqlı inkişaf məqsədləri”, “MDB-yə üzv ölkələrin Parlamentlərarası Gənclər Forumunun keçirilməsinə hazırlıq işləri” kimi məsələlər nəzərdən keçiriləcək.
İclasda təşkilata koordinatorluq rotasiya qaydasında Azərbaycana keçəcək və Milli Məclisin MDB Gənclər PA-dakı nümayəndə heyətinin rəhbəri Emin Hacıyev tədbirə moderatorluq edəcək. Toplantıda Milli Məclisin deputatı Könül Nurullayeva “MDB-yə üzv ölkələrdə gənclər turizmi: hazırkı vəziyyət və əsas inkişaf istiqamətləri” mövzusunda çıxış edəcək.
Oktyabrın 22-də isə 2021-ci ilin “MDB-də arxitektura və şəhərsalma ili” elan olunmasına həsr edilmiş “Müasir şəhərin siması” mövzusunda konfrans keçiriləcək. Konfrans MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyevin açılış nitqi ilə başlayacaq. Konfransın nəticələri əsasında MDB PA-ya və MDB üzvlərinin qanunverici və icraedici orqanlarına ünvanlanmış tövsiyələr hazırlanacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi