Qaradağ rayonunda şəhid Şaiq Kəlbiyevin anım mərasimi keçirilib
Oktyabrın 18-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Kəlbiyev Şaiq Namiq oğlunun anım mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhid Şaiq Kəlbiyevin məzarı ziyarət olunub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məlumat verilib ki, Şaiq Kəlbiyev Suqovuşan, Cəbrayıl və Füzuli döyüşlərində iştirak edib, son döyüşü Füzuli şəhərində olub. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Tədbirdə Şaiq Kəlbiyevin yaxınları onunla bağlı xatirələrini bölüşüblər, şərəfli həyat və döyüş yolundan söz açıblar.
Anım mərasimində iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi