Milli Məclisdə qazaxıstanlı qonaqlarla görüş

Tədbirlər
19 oktyabr 2021 | 16:49   
Paylaşın:        

Oktyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şimali-Xəzər və Qaraçaqanaq layihələrində hasilatın pay bölgüsünə dair Qazaxıstan hökumətinin səlahiyyətli orqanı olan "PSA" Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə görüşüb.

Komitə sədri qonaqları qalib Azərbaycanın parlamentində salamlamaqdan məmnunluğunu ifadə edib. 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərini türk dünyasının qələbəsi kimi qiymətləndirən Sadiq Qurbanov Qazaxıstan dövlətinin, siyasi və ictimai xadimlərinin haqq işimizə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb.

O, Azərbaycanla  Qazaxıstanı birləşdirən çoxəsrlik tarixi və mədəni əlaqələrdən, ortaq dəyərlərdən danışaraq Ümummilli lider Heydər Əliyev və Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan əməkdaşlığın dövlət başçılarımız tərəfindən hazırda da müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. O, beynəlxalq təşkilatlar, xüsusən də Türk Şurası çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edib. Ölkələrimizin iqtisadi əlaqələri, xüsusən də neft-qaz hasilatındakı birgə fəaliyyəti və təcrübə mübadiləsinə toxunan komitə sədri bu ənənənin davam etdirilməsini yüksək dəyərləndirib.

Görüşdə iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov müasir dünyada enerji resurslarının rolundan, Azərbaycanın enerji təhlükəsizliyi siyasətindən bəhs edib, bu sahədə perspektiv imkanlardan danışıb.

"PSA" Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri İzbastin Beket, səhmdar cəmiyyətin əməkdaşları Dias İbraşev, Ruslan Balıkbayev və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov  ölkəmizin Vətən müharibəsindəki qələbəsini ədalətin zəfəri kimi dəyərləndiriblər, təbriklərini çatdırıblar. Qonaqlar hasilatın pay bölgüsü layihələri üzrə idarəetmə metodları, yaranan mübahisələrin həlli yolları, bu sahə üzrə qanunvericilik bazası və onun təkmilləşdirilməsi kimi məsələlərlə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanıblar.

Görüşdə Milli Məclisin deputatı Əliabbas Salahzadə, “PSA" Səhmdar Cəmiyyətinin əməkdaşı Baqdat Kujatov və digər rəsmi şəxslər də iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU