Deputat Könül Nurullayeva şəhid ailələri ilə görüşüb

Tədbirlər
19 oktyabr 2021 | 17:28   
Paylaşın:        

Oktyabrın 18-də Milli Məclisin deputatı Könül Nurullayeva Bakının Nizami rayonunda Vətən müharibəsi şəhidi Alı Nofəl oğlu Həsənlinin evini ziyarət edib.

Milli Məclisin deputatı şəhidin valideynləri və əzizləri ilə söhbətləşib, onların dərdlərinə şərik olub. Könül Nurullayeva bildirib ki, Alı Həsənli kimi igid Vətən oğulları daim xalqımızın yaddaşında yaşayacaq, onların göstərdiyi şücaət isə tarixə əbədi həkk olunacaq.

Qeyd edək ki, Alı Həsənli ötən ilin sentyabrında başlanan Vətən müharibəsində xüsusi şücaət göstərib, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

*******

 

Həmin gün Milli Məclisin deputatı Könül Nurullayeva Vətən müharibəsi şəhidi Cavid Mikayıl oğlu Həsənovun da ailə üzvlərinə baş çəkərək, valideynləri ilə görüşüb.

Şəhidimizin əzizlərinin dərdlərinə şərik olan Könül Nurullayeva onun həyatı və keçdiyi döyüş yolu barədə xatirələri dinləyib. Deputata məlumat verilib ki, Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərən Cavid Həsənov oktyabrın 20-də qəhrəmancasına şəhadətə yüksəlib. İkinci Fəxri Xiyabanda dəfn olunan şəhidimiz düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb.

 

*******

 

Deputat Könül Nurullayeva deputat seçildiyi Bakının Nizami rayonunda şəhid ailələri ilə görüşləri çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı,  şəhid Orxan Nadir oğlu Əkbərovun ailə üzvləri ilə görüşüb.

Könül Nurullayeva Orxan kimi vətənpərvər övlad böyüdüb boya-başa çatdırdıqlarına görə şəhidin valideynlərinə təşəkkür edib, onun döyüş yolu ilə maraqlanıb.

Məlumat verilib ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olmuş Orxan Əkbərov İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirmiş, Vətən uğrunda canından keçərək şəhadətə yüksəlmişdir. O, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında xüsusi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına, o cümlədən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

 

                  *************

 

Deputat Könül Nurullayeva Rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı canından keçmiş Nizami rayon sakini Qasımov Eltun Vüqar oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar şəhidin ailə üzvləri ilə görüşüb.

Şəhidimizin həyat və döyüş yolu barədə məlumat verən ailə üzvləri bildiriblər ki, Azərbaycan Ordusunun çavuşu olmuş Eltun Qasımov Füzuli rayonunun və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.

O, şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU