Şirvan şəhərində Vətən müharibəsi şəhidi Xəlilov Namiq İlyas oğlunun anım günü keçirilib
Oktyabrın 18-də Şirvan şəhərində Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olmuş Xəlilov Namiq İlyas oğlunun anım günü keçirilib.
Tədbirdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Şirvan şəhər Şəhidlər Xiyabanında igid döyüşçü Namiq Xəlilovun məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə bildirilib ki, Vətən müharibəsində qələbədə payı olan Namiq kimi vətənpərvər, qəhrəman oğullarımızla hər bir azərbaycanlı qürur duyur. Adını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan Namiqin ömür yolu gənclərə nümunədir.
Şəhidin məzarı başında çıxış edən millət vəkili İltizam Yusifov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda başladığı Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş Namiq kimi oğullar heç vaxt unudulmayacaqlar.
Sonra tədbir iştirakçıları şəhid Namiq Xəlilovun xatirə guşəsini ziyarət ediblər, şəhidin keçdiyi ömür yolundan, qəhrəmanlığından söz açıblar. Qeyd olunub ki, Namiq Xəlilov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirin sonunda çıxış edən şəhidin atası İlyas Xəlilov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi