Milli Məclis sədrinin müavini Adil Əliyev Beyləqanda şəhidlərin anım tədbirlərində iştirak edib

Tədbirlər
19 oktyabr 2021 | 20:24   
Paylaşın:        

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri  Adil Əliyev və deputat Şahin İsmayılov oktyabrın 19-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayondakı Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin müqəddəs ruhlarına dualar oxuyublar.

Sonra Beyləqan rayonunun kənd və qəsəbələrində şəhidlər Əlizadə Toğrul Rafiq oğlu, Əliyev Elşən Novruz oğlu və Teymurov Mansur Elnur oğlunun xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirlərdə vitse-spiker Adil Əliyev məhz bu cür igid oğullar sayəsində əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini və tariximizin şanlı səhifəsinin yazıldığını qeyd edib. O, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin ölkəmiz və bütün türk dünyası üçün əhəmiyyətindən danışıb. Deyib ki, Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik arenada qazandığı qələbə beynəlxalq aləmdə ölkəmizin nüfuzunu çox gücləndirib. Vitse-spiker vurğulayıb ki, təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyulmasına, qazanılan Qələbəyə görə hamımız Azərbaycanın qəhrəman övladlarına borcluyuq. Xalqımız heç zaman  Vətən müharibəsi şəhidlərini unutmayacaq, qazilərimizi hər zaman uca tutacaq. Qeyd edib ki, şəhid və qazi ailələri daim ölkə başçısının və Birinci xanım Mehriban Əliyevanın qayğısı ilə əhatə olunublar.

Tədbirlərdə Gənclər və idman komitəsi sədrinin müavini, Beyləqan rayonundan Milli Məclisə deputat seçilmiş Şahin İsmayılov çıxış edərək şəhidlərin müqəddəs xatirələrinin əziz tutulduğunu, Vətən müharibəsində Qələbə qazanmaqla ölkəmizin öz gücünü və qüdrətini dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Çıxışlarda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən də bəhs olunub.

Anım mərasimlərində Beyləqan şəhidlərinin təltif edildikləri medallar ailələrinə təqdim olunub.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU