Xəzər rayonunda şəhid Əkbərov Əmrah Şahin oğlunun xatirəsi yad olunub

Tədbirlər
20 oktyabr 2021 | 12:43   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev oktyabrın 19-da şəhid Əkbərov Əmrah Şahin oğlunun Xəzər rayonunda keçirilən anım mərasimində iştirak edib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman Azərbaycan övladları ilə fəxr etdiklərini bildiriblər. Şəhid Əmrah Əkbərovun döyüş yolundan söhbət açıblar. Bildirilib ki, Azərbaycan  Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Əmrah Əkbərov döyüş əməliyyatlarında şücaət göstərib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Şəhidin hərb meydanındakı xidmətlərini yüksək dəyərləndirən dövlətimiz onu “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”,  “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edib.

Anım mərasimində deputat Rauf Əliyev Vətən üçün layiqli övladlar yetişdirdiklərinə görə bütün şəhidlərin valideynlərinə ehtiramını bildirib. Şəhid Əkbərov Əmrah Şahin oğluna Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyib. Qeyd edib ki, döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Əmrah Əkbərovun ölümündən sonra  4 medalla təltif olunması Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirənlərə göstərilən dövlət qayğısının, ehtiramın bariz nümunəsidir. Şəhid ailələri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir.

Mərasimdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına razılıqlarını bildiriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU