ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
07 noyabr 2012 | 05:11   
Paylaşın:        

Noyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Şəmsəddin Hacıyev iclası açaraq bildirdi ki, gündəliyə Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında, habelə təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında sazişlərin təsdiq edilməsi barədə qanun layihələri daxil edilmişdir.
Şəmsəddin Hacıyev birinci qanun layihəsi barədə məlumat verərək onun iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əlaqələrin inkişafında müəlliflik hüququ və əlaqəli hüquqların əhəmiyyəti nəzərə alınmaqla, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin mənafelərinin qorunması üçün qarşılıqlı əlverişli şəraitin yaradılması baxımından vacibliyini söylədi.
İkinci layihə ilə əlaqədar açıqlamasında komitə sədri bu sazişdə təhsil, elmi dərəcələr və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması məqsədi ilə müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Qeyd edildi ki, hər iki saziş 12 iyul 2012-ci il tarixində Bakı şəhərində imzalanmışdır.
İclasın sonunda komitə üzvləri qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU