Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhid Əliyev Şamil Xançoban oğlunun anım mərasimi keçirilib

Tədbirlər
20 oktyabr 2021 | 13:09   
Paylaşın:        

Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayonunun Böyük Bəhmənli kəndində boya-başa çatmış Əliyev Şamil Xançoban oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə keçirilən anım mərasimində iştirak edib.

Mərasimdə şəhidin həyat və döyüş yolundan söhbət açılıb. Şamil Əliyevin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi şücaətdən, ağır döyüşlərdəki cəsurluğundan, torpaqlarımızı 30 illik işğaldan azad etmək əzmindən bəhs olunub. Qeyd edilib ki, ötən ilin 27 sentyabrında düşmənin hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan xalqı məhz Şamil Əliyev kimi igid oğulları sayəsində öz ərazi bütövlüyünü bərpa edə bildi. Azərbaycan Ordusunun düşmən üzərində çaldığı Zəfər xalqımızın qüdrətini və dövlətimizin gücünü dünyaya nümayiş etdirdi.

Deputat Vüqar Bayramov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Şamil Əliyevin ailəsinə dərin ehtiramını bildirib.  Onların qayğıları ilə maraqlanıb.

Şəhidlik mərtəbəsinə ucalmış Şamil Əliyev kimi oğulların daim Azərbaycan xalqının qəlbində yaşayacağını  vurğulayıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU