Ucarda şəhid mayor Elnur Hacıyevin il mərasimi keçirilib

Tədbirlər
20 oktyabr 2021 | 16:19   
Paylaşın:        

Ucar rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan olan və bu rayonda doğulub boya-başa çatmış mayor Elnur Yaqub oğlu Hacıyevin il mərasimi keçirilib.

Mərasimdə Milli Məclisinin deputatı Ramil Həsən, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayonun idarə və təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhid mayor Elnur Hacıyevin və digər şəhidlərimizin Şəhidlər Xiyabanındakı məzarları onların ailə üzvləri ilə birlikdə ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb və şəhidlərimizin ruhuna dualar oxunub. Deputat Ramil Həsən şəhid valideynləri ilə də görüşərək, onların dərdinə şərik olub və səbir diləyib.

Şəhidlərin məzarını ziyarət etdikdən sonra şəhid mayor Elnur Hacıyevin evində təşkil olunmuş il mərasiminə qatılan Milli Məclisin deputatı tədbirdə çıxış edib. 44 günlük Vətən müharibəsinin şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini vurğulayan deputat işğal olunmuş torpaqlarımız uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyib.

Qeyd edək ki, şəhid mayor Elnur Yaqub oğlu Hacıyev Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması zamanı göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU