Salyanda şəhid Sübhan Cəbrayılovun anım mərasimi keçirilib

Tədbirlər
20 oktyabr 2021 | 16:40   
Paylaşın:        

Oktyabrın 19-da 44 günlük Vətən müharibəsində böyük igidlik və rəşadət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rahim oğlu Cəbrayılovun şəhadətinin ildönümünü ilə əlaqədar anım mərasimi keçirilib.

Şəhidin ailə üzvləri ilə birgə keçirilən mərasimdə Milli Məclisin deputatları Fəzail Ağamalı, Jalə Əhmədova, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Salyan rayonunun Marışlı kəndində doğulan Sübhan Cəbrayılov ömrünün 20 ilə yaxın hissəsini orduda və onun Xüsusi Təyinatlı Qüvvələrində xidmətdə keçirib. O, Aprel döyüşlərində də igidliyi ilə döyüş yoldaşlarına nümunə olub. Sübhan Cəbrayılov Vətən müharibəsinin ilk günündən ağır döyüşlərdə fədakarlıqla vuruşub və 30 yaşayış məntəqəsinin alınmasında misilsiz qəhrəmanlıq göstərib və oktyabrın 19-da gedən ağır döyüşlərin birində bir neçə döyüş yoldaşı ilə şəhadətə qovuşub. Göstərdiyi igidliyə görə Prezident İlham Əliyev tərəfindən bir sıra medallarla təltif olunub və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Anım günündə iştirak edənlər rəşadətli Ordumuzun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik məharətindən, xalqımızın müharibədə nümayiş etdirdiyi birliyinin müharibədə oynadığı mühüm rolundan bəhs ediblər.

Mərasimdə çıxış edən deputatlar Fəzail Ağamalı və Jalə Əhmədova məhz bu cür igid oğullar sayəsində əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini bildiriblər. Qeyd ediblər ki, şəhid və qazi ailələri daim ölkə başçısının və Birinci xanım Mehriban Əliyevanın qayğısı ilə əhatə olunublar, şəhidlərimizin xatirəsi həmişə yaşayacaq, qazilərimizin xidmətləri heç vaxt unudulmayacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU