Sabirabadda şəhid Firavan Əsgərov yad edilib
Deputat Kamal Cəfərov Sabirabad rayonunda şəhid Firavan Xanbala oğlu Əsgərovun ailə üzvləri ilə görüşüb.
44 günlük Vətən müharibəsinin qəhrəmanı Firavan Əsgərov müharibə başlayan ilk gündən Talış və Suqovuşan yüksəkliklərinin alınmasında gedən ağır döyüşlərdə iştirak edib, məşhur “Koroğlu postu”nu düşməndən geri alıb.
Oktyabrın 20-də Hadrut qəsəbəsinin azad edilməsi istiqamətində aparılan əməliyyatda gecə ikən komandanlıqdan xüsusi tapşırıq alan 17 nəfərlik dəstə ərazidə əlverişli mövqe tutub. Dəstənin iki döyüşçüsü, biri Firavan Əsgərov olmaqla düşmən mövqelərini təyin etmək məqsədilə kəşfiyyata göndərilib. Tapşırığı icra edərkən ermənilərlə üzbəüz gələn kəşfiyyatçılar onlarla əlbəyaxa döyüşə giriblər. Firavan təkbaşına 10 nəfərdən çox düşmən əsgərini və zabitini məhv etsə də, bu onun son döyüşü olub və aldığı ağır güllə yarasından şəhidlik məqamına ucalıb.
Firavan Əsgərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Hərbi xidmətlərə görə” , “Vətən Uğrunda, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Görüşdə Kamal Cəfərov şəhid Firavan Əsgərovun ailə üzvlərinin dərdlərinə şərik olub, qayğıları ilə maraqlanıb.
Sonra millət vəkili şəhidin ailəsi ilə birlikdə onun məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi