MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA 2013-cü İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ

Noyabrın 7-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirildi.
İclası aparan Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ölkənin ali maliyyə sənədi barədə fikirlərini söylədi. Bildirildi ki, son illər ölkəmizdə dövlət büdcəsi daha da təkmilləşdirilib. Büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxş hesab oluna bilər. Son bir neçə il ərzində Azərbaycanda qərarlaşmış, səriştəli büdcə institutu artıq formalaşmışdır. Büdcə quruculuğu ilə məşğul olan peşəkar mütəxəsislər yetişib. Müzakirəyə çıxarılan büdcə layihəsi mövcud potensial imkanlar və qarşıya qoyulan vəzifələr baxımından optimal səviyyədədir. Ölkənin baş maliyyə sənədi sosial və investisiya yönümlüyünü qoruyub saxlayır. Son 9 il ərzində respublikada ciddi dəyişiklər baş verib. Azərbaycan iqtisadi inkişaf tempinə görə, dünyanın 10 aparıcı ölkəsi sırasındadır.
Şəmsəddin Hacıyev dedi ki, Azərbaycanda yoxsulluq göstəricisi 49 faizdən 5,1 faizə qədər azalıb. Bildirildi ki, Cənubi Qafqaz regionunda ümumi gəlirin 75 faizi məhz ölkəmizin payına düşür. Bütün bunlar ölkədə aparılan düşünülmüş siyasətlə bağlıdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdrilən bu siyasət Azərbaycanı xoş gələcəyə doğru addımladır.
Komitə sədri onu da dedi ki, 2013-cü ilin büdcə layihəsində ümumi daxili məhsulun 5,3 faiz artımı dünya iqtisadiyyatının ümumilikdə götürdükdə orta artım tempini iki dəfə üstələyir. Onun sözlərinə görə, Ermənistanın növbəti il üçün büdcə gəlirlərinin həcmi 2.2 milyard dollar, xərcləri isə 2.5 milyard dollar həcmində müəyyənləşdirilib. Düşmən ölkə ilə Azərbaycanı müqayisə etsək, nə qədər böyük fərqin olduğu ortaya çıxır. Bütün bunlar 2003-cü ildən sonra Azərbaycanın sürətli inkişafını xarakterizə edən ən mühüm göstəricidir.
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov isə çıxışında qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaq. Növbəti ildə dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcək. Nazir bildirdi ki, layihənin tərtibi zamanı qeyd olunan amillərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun real artımı 11,7 faiz proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyindən xəbər verir.
Nazir bir daha diqqətə çatdırdı ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır. Büdcənin gəlirlərinin 11,4 milyard manatı Dövlət Neft Fondundan transfertlər, 6,4 milyard manatı Vergilər Nazirliyi, 1,4 milyard manatı Gömrük Komitəsinin xətti ilə, 0,1 faizi isə digər daxilolmalar hesabına təşkil edəcək.
Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bədən tərbiyəsi xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulur. Sosial ipoteka kreditləri üçün isə 40 milyon manatın ayrılması proqnozlandırılır. Bu isə 2012-ci ildəki ayrılmadan 2 dəfə çoxdur.
Nazir çıxışında bildirdi ki, gələn ilin büdcəsində “Azərbaycan Gəncliyi Dövlət proqramı”nın (2011-2015-ci illər) maliyyə təminatına 20,1 milyon manat, mədəniyyət sahəsində çalışanların əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirlməsinə 9,7 milyon manat, “Azərbaycan teatrı (2009-2019-cu illər) Dövlət Proqramı”nın tətbiqinə 9,8 milyon manat, “Azərbaycan kinosunun (2008-2018-ci illər) inkişafına dair Dövlət Proqramı”nın icrasına 6,5 milyon manat, mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 27,8 milyon manat, mədəniyyət obyektlərinin yenidən qurulmasına və əsaslı təmirinə 3 milyon manat vəsait ayrılıb. Qeyd olundu ki, 2013-cü ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 60 milyon manat artıqdır. Həmçinin bildirildi ki, 2013-cü ildə yolların yenidənqurulmasına və əsaslı təmirinə 514 milıyon manat vəsait ayrılması planlaşdırılır.
Nazir 2013-cü ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 113 milyon manat, o cümlədən diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının və işçilərin əmək haqlarının artırılması ilə bağlı xərclər üçün 61 milyon manat, Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətinin təmin edilməsi üçün 32 milyon manat vəsait ayrılmasının nəzərdə tutulduğunu vurğuladı.
Sonra Samir Şərifov dövlət və icmal büdcələrinin layihəsi, həmçinin büdcə zərfinə daxil olan sənədlər barədə ətraflı məlumat verdi. O, 2013-cü ilin büdcə layihəsinin tərtibi prosesində büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların təqdim etdikləri xərc sifarişlərinin ölkənin strateji inkişaf prioritetlərinə uyğunluğunun öyrənildiyini, prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu vəzifələrin icrası üçün sabit maliyyə təminatının nəzərdə tutulduğunu dedi.
İclasda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, millət vəkilləri Mübariz Qurbanlı, Yevda Abramov, Fəzail İbrahimli, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, Ombudsman Elmira Süleymanova və başqaları çıxış edərək rəy və təkliflərini bildirdilər.
Sonra Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və maliyyə naziri Samir Şərifov çıxışlarda səslənən bir sıra məsələlərə münasibət bildirdilər.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi komitələrin yekdil qərarı ilə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti