Vətən müharibəsinin şəhidləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq
Milli Məclisin deputatı Eldar Quliyev oktyabrın 21-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə igidlik göstərərək həlak olan Əfqan Ramil oğlu Nəsirovun ildönümü mərasimində iştirak edib.
Sabunçu rayonunun Zabrat qəsəbəsində keçirilən mərasimə qəsəbə nümayəndəliyinin sədri və şöbə rəisi, Gömrük Akademiyasının təmsilçiləri və tələbələri, şəhidin döyüş yoldaşları, doğmaları və yaxınları, qəsəbə sakinləri toplaşıblar.
Öncə qəsəbədəki Şəhidlər Xiyabanında Əfqan Nəsirovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.
İldönümü mərasimində Əfqanla bağlı xatirələr yada salınıb, onun döyüş yolundan, Vətən torpağının azadlığı uğrunda göstərdiyi şücaətdən söhbət açılıb, 44 günlük müharibədə qazanılan Zəfərin Azərbaycan dövləti və xalqı üçün misilsiz əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd edilib ki, şəhid Əfqan Nəsirov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda aparılan əks-hücum əməliyyatında qeyrətlə iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Mərasim zamanı deputat Eldar Quliyev şəhid ailəsinin qayğıları ilə maraqlanıb, Əfqan Nəsirov kimi igid böyütdüklərinə görə minnətdarlıq bildirib, şəhidlərin əziz xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını deyib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi