Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib

Sədrin səfərləri
21 oktyabr 2021 | 20:21   
Paylaşın:        

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yunanıstanın paytaxtı Afina şəhərində Parlament Sədrlərinin Avropa Konfransında iştirak edir.

Oktyabrın 21-də konfransın açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova "Demokratiya "COVİD-19" pandemiyasının səhiyyədə yaratdığı böhranla üz-üzə: təcrübə mübadiləsi, növbəti addımlar" mövzusunda keçirilən müzakirələrdə çıxış edib. İki ilə yaxındır ki, bəşəriyyətin öz tarixinin ən təhlükəli pandemiyalarından birinə qarşı mübarizə şəraitində yaşadığını bildirən spiker əminliyini bildirib ki, bu gün "COVID-19" pandemiyası ilə mübarizədə dövlətlər arasında əməkdaşlığa hər zaman olduğundan daha çox ehtiyac var. Peyvəndlər də daxil olmaqla, müalicə üsullarının inkişafındakı böyük elmi nailiyyətlərə baxmayaraq, pandemiya təxminən 5 milyona yaxın insanın ölümünə səbəb olub və "COVİD-19" pandemiyası bu gün də davam edir. Bu pandemiya dünyada yoxsulluğu daha da dərinləşdirib və cəmiyyətlərin həssas təbəqələrinin vəziyyəti daha da ağırlaşıb.

Spiker S.Qafarova böhranın sonrakı təsirlərinin bir çox ölkələrdə ciddi çətinliklərə səbəb olacağı, çətinliklə qazanılan inkişaf meyllərinə mənfi təsir edəcəyi, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq yolunda irəliləməyə mane olacağı ilə bağlı narahatlığını ifadə edib.

Çıxışında Sahibə Qafarova Azərbaycan dövlətinin COVİD-19 infeksiyasının ölkəmizdə aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə sahəsində fəaliyyətin bir mərkəzdən idarə edilməsi məqsədi ilə Prezidentin Fərmanı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ölkənin bütün ərazisində karantin rejimi tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, tədris müəssisələrində dərslər təxirə salınıb, iri ticarət mərkəzlərinin, idman obyektlərinin, əyləncə yerlərinin fəaliyyəti dayandırılıb, ictimai iaşə müəssisələrinin iş vaxtı dəyişdirilib, digər zəruri tədbirlər görülüb.

Milli Məclisin sədri Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışaraq bildirib ki, Azərbaycan Respublikası koronavirus pandemiyasına qarşı mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib. Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan   pandemiya ilə mübarizə üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib. 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsini təklif edib, həmin təşəbbüs 150-dən çox dövlət tərəfindən dəstəklənib və ötən ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının "COVID-19" ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutub.

Spiker qeyd edib ki, qlobal səhiyyə böhranı zamanı "peyvənd millətçiliyi" ciddi narahatlıq doğurur. Biz Avropa Şurasının üzvləri olaraq, bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsinin qarşısını almağa çalışmalıyıq. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədi ilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Sahibə Qafarova deyib ki, beynəlxalq hesabatlara görə, dünyanın peyvənd dozalarının 75 faizindən çoxu bir neçə inkişaf etmiş ölkə tərəfindən alınsa da, aşağı gəlirli ölkələrdə peyvəndlə təminat 2 faizdən azdır. Şübhəsiz ki, bu fakt inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin əhalisini qorumaq imkanlarını məhdudlaşdırır. Bu problemi həll etmək üçün Azərbaycan Qoşulmama Hərəkatı adından Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında bütün ölkələr üçün vaksinlərə ədalətli və universal çıxışın təmin edilməsi haqqında qətnamə təşəbbüsü ilə çıxış edib və bu qərar yekdilliklə təsdiq edilib. Biz hər fürsətdən istifadə edib pandemiya ilə mübarizədə ehtiyacı olan ölkələrə beynəlxalq donor təşkilatları da daxil olmaqla inkişaf etmiş ölkələrin dəstək göstərməsi ilə bağlı çağırış edirik.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə xilas olması üçün qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU