Milli Məclisin sədri Sahibə Qafarova Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın paytaxtı Afinaya işgüzar səfər çərçivəsində Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Görüşdə Sahibə Qafarova Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb. Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan müzakirələrin və tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.
Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu vurğulayıb, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açıb. Milli Məclisin sədri həmkarının diqqətinə çatdırıb ki, bir il öncə öz gücü hesabına Ermənistanın 30 illik işğalına son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin icrasını da təmin edib.
Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib. Qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Ermənistan isə hələ də təxribatçı əməllərini davam etdirir, minalanmış ərazilərin xəritələrini vermir təqdim etməkdən imtina edir.
Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib. Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəal iştirak etdiklərini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi