Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Parlamenti Milli Şurasının sədri Volfqanq Sobotka ilə görüşüb

Sədrin səfərləri
22 oktyabr 2021 | 13:00   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Avstriya Respublikası Parlamenti Milli Şurasının sədri Volfqanq Sobotka ilə görüşüb.

Görüşdə Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Nəzərə çatdırıb ki, Azərbaycan Avstriya ilə ikitərəfli əlaqələrin inkişafında, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsində maraqlıdır.

 Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanla Avstriya parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.

Görüşdə Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsindəyik. Bir il öncə Ermənistanın 30 illik işğalına öz gücü hesabına son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra bölgədə yeni reallıqlar yaranıb.

Spiker qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. Hazırda Azərbaycan gələcəyə hədəflənmiş layihələr icra edir, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Milli Məclisin sədri xatırladıb ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Söhbət zamanı Avstriya Parlamenti Milli Şurasının sədri  Volfqanq Sobotka iki ölkə arasında parlamentlərarası əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, Azərbaycanın regiondakı iri beynəlxalq enerji və infrastruktur layihələrin həyata keçirilməsindəki aparıcı rolu, ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı qismində çıxış etməsi barədə danışıb.  Diqqətə çatdırıb ki, ticarət əlaqələrinin və investisiya yatırımlarının artırılması üçün hər iki tərəfdə böyük potensial var.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU