Zərdab şəhidləri ehtiramla anılır
Zəfər bayramı ərəfəsində xatirəsi yad olunan igidlərimizdən biri də Zərdab rayonunun Gəlmə kəndinin yetirməsi mayor Hüseynov Rəhim Qədir oğludur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva mayorun şəhadətə qovuşduğu gündə şəhidin ailə üzvləri, döyüş dostları, dövlət və ictimaiyyət nümayəndələri ilə birlikdə Bakıda, İkinci Fəxri Xiyabanda uyuyan bu igid eloğlumuzun məzarını ziyarət edib.
Sonra Zərdabda anım mərasimi keçirilib. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun, ictimaiyyətin nümayəndələrinin toplaşdığı mərasimdə Rəhim Hüseynovun ruhən hərbçi olduğu, öncə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdiyi, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil aldığı bildirilib. Qeyd edilib ki, mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmişdir. O, Əməliyyat İmkanları Konsepsiyası taborunun komandiri olub.
44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşan mayor Rəhim Hüseynov ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" ,"Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
***
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunun Körpükənd kəndində boya-başa çatmış gizir Turan Muradovun ailəsinə də baş çəkib, onların qayğıları ilə maraqlanıb, Turan kimi oğul böyütdüklərinə görə ehtiramını ifadə edib. Şəhidin ildönümündə Körpükənd kənd qəbristanlığında məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Azərbaycanımızın ərazi bütövlüyü naminə hərbi vəzifəsini şərəflə yerinə yetirən Turan Muradov II Qarabağ müharibəsində ön cəbhədə şücaətlə döyüşüb. Bir neçə strateji yüksəkliyin azad olunmasında iştirak edib. Suqovuşan, Talış və daha bir neçə kəndin azad olunması uğrunda hünər göstərib, qəhrəmancasına şəhid olub. Döyüşlərdə fərqləndiyinə görə, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Anım mərasimlərində çıxış edən Jalə Əliyeva mayor Rəhim Hüseynov, gizir Turan Muradov kimi qeyrətli Vətən oğullarının ailələrinin, qalib ordumuzun qəhrəman əsgər və zabitlərindən yadigar qalan övladların hər zaman dövlət qayğısı ilə əhatə olunacağını qeyd edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi