Vətən müharibəsi şəhidi Cəmil Habil oğlu Məmmədlinin oxuduğu məktəbdə xatirəsi əbədiləşdirilib
Milli Məclisin deputatı Nigar Arpadarai Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhid Cəmil Habil oğlu Məmmədlinin vaxtilə təhsil aldığı Səbail rayonundakı 163 saylı məktəbdə barelyefinin və büstünün açılış mərasimində iştirak edib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Cəmil Məmmədlinin barelyefi və büstü önünə gül dəstələri düzülüb.
Çıxışlarda qeyd olunub ki, düşmənin təxribatlarına qarşı başalyan əks-hücum əməliyyatlarının ilk saatlarından ön cəbhədə olan Cəmil Vətən torpağının azadlığı uğrunda şücaət göstərib. Azərbaycan dövləti və xalqı üçün misilsiz əhəmiyyət daşıyan Zəfərin qazanılmasında canını əsirgəməyib. Cəmil Məmmədli Füzulinin Dördçinar kəndində düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Vətən müharibəsində göstərdiyi hünərə görə, ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Vaxtilə oxuduğu bu məktəbin müəllimləri Cəmil kimi vətənpərvər övlad yetişdirdiklərinə görə qürur duyurlar.
Mərasimdə deputat Nigar Arpadarai şəhidlərimizin ruhuna böyük ehtiramını bildirib, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini qeyd edib, şəhidlərə el məhəbbətindən, onların ailələrinə dövlət qayğısından söz açıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi