Tələbə-gənclər Milli Məclisdə

Tədbirlər
23 oktyabr 2021 | 15:58   
Paylaşın:        

Oktyabrın 23-də Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov parlamentdə qəbul imtahanlarında yüksək bal toplamış Beyləqan rayonundan olan bir qrup tələbə ilə görüşüb.

Gəncləri salamlayan Şahin İsmayılov onlara parlamentin tarixi, fəaliyyəti, parlamentdə işin təşkili və onun strukturları haqqında ümumi məlumat verib.

Sonra tələbələr parlamentin inzibati binasını gəziblər. Müstəqil Azərbaycanın memarı, Ümummilli liderin adını daşıyan Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı deputat Şahin İsmayılov Ümummilli liderimizin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən eksponatlar haqqında gənclərə məlumat verib. Ziyarətçilər zalda nümayiş olunan və Ulu öndər tərəfindən qəbul edilmiş tarixi qərarların surətləri, ona verilmiş xidməti və deputatlıq vəsiqələri, dahi rəhbərin ömür yolunun ayrı-ayrı dövrlərini əhatə edən materiallara və eksponatlara baxıblar.

Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsi, deputatların zalda yerləşmə qaydaları, onların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən də istifadə edilməklə yaradılmış iş şəraiti, karantin rejimi ilə əlaqədar görülən tədbirlərlə bağlı izahat verilib.

Sonra gənclər “İstiqlal”, “Qarabağ”, “Xəzər” iclas salonları, “İpək yolu” və “Odlar yurdu” görüş zalları və bu zallarda yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq sərəncamına əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəslə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan iclas salonlarına adlar verilib.

Milli Məclisin kitabxanası ilə tanışlıq zamanı isə tələbələrə kitabxana fondu, burada deputatlar və əməkdaşlar üçün yaradılmış şərait, tətbiq olunan elektron proqram, kitabxananın üzv olduğu beynəlxalq kitab mübadiləsi sistemləri barədə məlumat verilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU