Şəhid polkovnik-leytenant Zaur Hüseyn oğlu Cəfərovun xatirəsi ehtiramla anılıb

Tədbirlər
25 oktyabr 2021 | 12:56   
Paylaşın:        

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızdan biri də Kəlbəcərin Başlıbel kəndində dünyaya göz açmış  polkovnik-leytenant Zaur Hüseyn oğlu Cəfərovdur. 

İldönümündə Milli Məclisin deputatı Aqil Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev, şəhidin döyüş dostları və doğmaları, rayon ictimaiyyətinin nümayəndələri Bakının İkinci  Şəhidlər Xiyabanında uyuyan polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar, bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində keçirilən anım mərasimində peşəkar hərbçi olan şəhid Zaur Cəfərov barəsində xatirələr yada düşüb. Komandir yoldaşlarının “ağır artilleriyanın atası” adlandırdıqları şəhidin şücaətindən, qorxmazlığından, əsgərlərə qayğısından söz açılıb. Məcburi köçkün olduğuna görə ərazi bütövlüyümüzün təmin olunması uğrunda ikiqat əzmlə döyüşdüyü vurğulanıb. Tərtər rayonunda  işğal edilmiş ərazilərin düşməndən azad edilməsi uğrunda  əməliyyatlarda xüsusi igidlik və mərdlik nümayiş etdirərək şəhid olduğu bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsinədək müxtəlif medallara layiq görülmüş  polkovnik-leytenant Zaur Hüseyn oğlu Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasimdə şəhidin ailəsinə ehtiram ifadə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU