Ağdaş şəhidləri yad olunur
YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Milli Məclisin deputatı Cavid Osmanov rayon rəhbərliyi, YAP fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər ilə birlikdə rayondakı Şəhidlər Xiyabanı kompleksini ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Anım mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin şəhid və qazilərə diqqətindən söz açılıb. Deputat Cavid Osmanov çıxışında qeyd edib ki, müzəffər Ali Baş Komandanımız Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq ölkəmizdə 27 sentyabr tarixini Anım Günü kimi əbədiləşdirib.
Çıxışlardan sonra Şəhidlər Xiyabanı kompleksinin ətrafında şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası keçirilib.
Ağdaş Dövlət Humanitar Kollecində isə öncə şəhidlərin xatirəsinə həsr edilmiş guşə ziyarət olunub.
Tədbirdə Cavid Osmanov Vətən müharibəsində 32 ağdaşlının şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Bizə Zəfəri qazandıranlara xalqımızın ehtiramından danışıb. Şəhid ailələrinin və övladlarının hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi