Sumqayıt şəhərində şəhidlərin anım mərasimləri keçirilib
44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımız - Saleh Səxavət oğlu Nuriyevin və Adil Akif oğlu Rzayevin Sumqayıt şəhərində anım mərasimləri keçirilib.
Anım mərasimlərində Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhidlərin doğmaları, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəhid Saleh Nuriyevin və şəhid Adil Rzayevin Sumqayıt şəhər Şəhidlər Xiyabanında məzarları ziyarət olunaraq ruhlarına dualar edilib, onların və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirələri dərin ehtiramla yad olunub.
Qeyd edək ki, şəhid Saleh Nuriyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Hərbi xidmətlərə görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid Adil Rzayev də ölümündən sonra Prezidentin müvafiq sərəncamı ilə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi