Deputat Kamilə Əliyeva Zaqatala və Balakəndə şəhid ailələrini ziyarət edib və şəhidlərin anım mərasimlərinə qatılıb

Tədbirlər
26 oktyabr 2021 | 12:40   
Paylaşın:        

Milli Məclisin deputatı Kamilə Əliyeva Zaqatala və Balakən rayonlarında şəhid ailələrini ziyarət edib. Deputat Zaqatala rayonu Aşağı Çardaqlar kəndində Abakarov Nail Müzəffər oğlunun, Mehdiyev Zöhrab İlham oğlunun, Balakən rayonunun Hənifə kəndində Kərimov Elmir Rəhim oğlunun, İtitala kəndində Əliyev İmam Səfər oğlunun, Kortala kəndində Qaracayev Nurlan Ömər oğlunun, Mahamalar kəndində Mamedov Elmar Elçin oğlunun, Katex kəndində Təmirov Yusif Azər oğlunun ailələrinə baş çəkib, Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailələrinin qayğı və problemləri ilə maraqlanıb.

Deputat Kamilə Əliyeva Balakən və Zaqatala rayonlarında Vətən müharibəsi şəhidlərinin anım günlərində də iştirak edib. Paxırov Elsevər Eyvaz oğlunun, Rəşidov Tural Fazil oğlunun və Məmmədov Kamal Şamil oğlunun Balakəndə keçirilən anım mərasimlərində Şəhidlər Xiyabanında onların qəbirləri ziyarət edilib, xatirələri yad olunub.

Həmçinin Balakən rayonun Hənifə kəndində şəhid Yüzbaşıyev Cavid Cavanşir oğlunun, Zaqatala rayonunun Dardoqqaz kəndində Xudaverdiyev Mahmud Əhməd oğlunun anım mərasimlərində onların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, anım mərasimlərində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU