Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun və gizir Şəhriyar Quliyevin xatirəsi qəlbimizdə yaşayır

Tədbirlər
26 oktyabr 2021 | 16:05   
Paylaşın:        

Bakıdakı İkinci Fəxri Xiyabanda uyuyan igidlərimizdən biri də Vətən müharibəsi şəhidi, hələ Aprel döyüşləri zamanı adını tarixə yazmış olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Nəriman oğlu Həmidovdur.

Şəhidin anım mərasimində Milli Məclisin komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, deputatlar İmamverdi İsmayılov və Ceyhun Məmmədov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon ictimaiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin doğmaları və yaxınları iştirak ediblər.

Öncə İkinci Fəxri Xiyabanda ziyarət mərasimi keçirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. Polkovnik Şükür Həmidovun məzarı üzərinə əklillər və gül dəstələri qoyulub.

Sonra Sumqayıt şəhərində şəhidin ildönümü mərasimi qeyd olunub. Xalqımıza Zəfər sevincini yaşadanların xatirəsinə, ailələrinə və yadigar qoyub getdikləri övladlarına əbədi minnətdarlığımızdan söz açılıb. Bildirilib ki, Qarabağ müharibəsinin alovlandığı 1990-cı illərdə hərbçi peşəsini seçən yeniyetmə Şükür Həmidov öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub, 18 yaşında ikən ellikcə doğma Qubadlıdan didərgin düşəndən sonra Bakı Ali Birləşmiş Komandalıq Məktəbini "motoatıcı" ixtisası üzrə bitirib, daha sonralar ixtisasını artırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub.

Hələ 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə strateji yüksəkliyinin alınmasında nümayiş etdirdiyi igidliyə görə, sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən polkovnik Şükür Həmidov Vətən müharibəsində də ön cərgələrdə döyüşüb. Cəbrayıl, Füzuli və Qubadlıda gedən əks-hücum əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirib. Doğma Qubadlının azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında xüsusi xidmətlərinə görə, Şükür Nəriman oğlu Həmidov ölümündən sonra "Zəfər" ordeni ilə, “Vətən uğrunda”,  "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Sumqayıt ŞİH başçısının birinci müavini Teymur Səmədov, general-mayor Natiq Qarayev, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidi gizir Şəhriyar Nəsib oğlu Quliyevin anım mərasimində iştiraki edib. 

Mərasimdə deputat Tahir Mirkişili Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin dövlətimiz və xalqımız üçün əhəmiyyətindən danışıb. Həmin möhtəşəm Qələbəni xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli ordumuzun hərbi qulluqçularının igidlik və şücaəti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hücum diplomatiyası və dəmir yumruğu sayəsində əldə etdiyimizi vurğulayıb. Qeyd edib ki, Şəhriyar Quliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda həlak olmuş bütün şəhidlərimizin  əziz xatirəsi hər zaman sonsuz ehtiram və minnətdarlıqla anılacaq, onların döyüş meydanında nümayiş etdirdiyi fədakarlıq və şücaət gələcək nəsillər üçün nümunə olacaq.

Tədbirdə Şəhriyar Quliyevin həyat və döyüş yolundan söhbət açılıb.  
Xüsusi Təyinatlı Qüvvələrin sırasında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu vurğulanıb. Aprel döyüşlərində savaşdığı, mərdlik və cəsarət nümayiş etdirdiyi bildirilib.

Ötən payız başlanan əks-hücum əməliyyatında Cəbrayılın, Hadrutun, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib, 150-yə yaxın erməni əsgər və zabitini, düşmənin yüksək rütbəli hərbçilərini məhv edib. Şəhriyar Quliyev Qubadlı döyüşlərində qəhrəmancasına həlak olub. O, Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Onun Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda göstərmiş olduğu xüsusi xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Gizir Şəhriyar Quliyev ölümündən sonra “Qarabağ” ordeni ilə, “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU