REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Noyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. İclası açan komitənin sədri Arif Rəhimzadə iclasda “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirə olunacağını bildirdi.
Sənəd barədə iclas iştirakçılarına ətraflı məlumat verən komitə sədri qeyd etdi ki, ölkə rəhbərliyi tərəfindən əsrarəngiz təbiətə malik olan Qəbələ rayonuna göstərilən xüsusi diqqət sayəsində bura Azərbaycanın mədəni mərkəzlərindən birinə çevrilib. Burada yeni sənaye obyektlərinin tikintisi, beynəlxalq uçuşların da həyata keçirildiyi aeroportun açılışı, Azərbaycanda yeganə olan Qolf Mərkəzinin istifadəyə verilməsi rayonun sürətli inkişafına zəmin yaradıb. Bildirildi ki, bu səbəbdən də rayona ətraf ərazilərdən, bələdiyyə reyestrində olan 144 hektar əlavə torpaq sahəsinin verilməsi ilə bağlı qanun layihəsi çox aktual xarakter daşıyır.
Komitə sədrinin müavini, Qəbələ rayonundan seçilmiş deputat Fəttah Heydərov da rayonda gedən sürətli inkişafdan, turizm üçün olduqca əlverişli mühitdən danışdı. Qanun layihəsinin əhəmiyyətini vurğuladı.
Komitə üzvləri yekdilliklə sənədin Milli Məclisin müzakirəsinə təqdim olunması barədə qərar qəbul etdilər.
Milli Məclisin
Mətbuat xidməti