Nərimanov rayonunda şəhid Azad Bəkirlinin anım günü keçirilib
Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsi şəhidi Azad Rasim oğlu Bəkirlinin Bakının Nərimanov rayonunda anım mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatı Rasim Musabəyov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları öncə şəhidin məzarını ziyarət ediblər, onun və digər şəhid olmuş igid Vətən oğullarının məzarına əklil və gül-çiçək dəstələri düzüblər. Şəhidlərimizin unudulmaz xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar edilib. Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş şəhid Azad Bəkirlinin adına ehsan verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Azad Bəkirli Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi