“Vətən müharibəsində Zəfərimizin bir ili” adlı videokonfrans keçirilib

Tədbirlər
26 oktyabr 2021 | 17:20   
Paylaşın:        
Oktyabrın 26-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Lənkəran Dövlət Universiteti ilə birgə “Vətən müharibəsində Zəfərimizin bir ili” adlı videokonfrans keçirib.
Onlayn formatda keçirilən tədbirin açılış mərasimində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun təklifi ilə öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı diləkləri səslənib. 
Sonra Ziyafət Əsgərov məlumat verib ki, Vətən müharibəsində Zəfərin 1-ci ildönümünə həsr olunmuş konfranslar Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunur. 
Videokonfransda Milli Məclisin komitə sədri noyabrın 8-də qeyd edəcəyimiz Zəfər Gününün Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, 30 ilə yaxın davam edən işğaldan sonra müzəffər Ali Baş Komandanın qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti, yüksək səviyyəli döyüş hazırlığı və təchizatı, əsgər və zabitlərimizin mətanəti, vətənsevərliyi sayəsində qazanılan Zəfər ümumiyyətlə Azərbaycan tarixində müstəsna rola malik hadisədir. 
Çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin keçdiyi yola, inkişaf istiqamətlərinə nəzər salan Ziyafət Əsgərov Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində bağlanan neft müqavilələri, ondan sonra yüksələn xətlə gedən iqtisadi tərəqqi, beynəlxalq əlaqələrimizin genişlənməsi, milli ordumuzun qurulması və möhkəmlənməsi kimi bir sıra mühüm məsələlər barədə danışıb. 
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına toxunan deputat bu məsələ ilə bağlı beynəlxalq hüququn passiv mövqe sərgilədiyini bildirib. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, həmçinin bir sıra digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin uzun illər kağız üzərində qaldığını qeyd edib. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəl törədən Ermənistanın ardı-arası kəsilməyən təxribatlarından danışıb. 2016-cı ilin Aprel döyüşlərində ağır zərbə alan təcavüzkarın 2020-ci ilin iyulunda yenidən təxribata əl atdığını xatırladıb. Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlanan əks-hücum əməliyyatının ərazi bütövlüyümüzün təmin olunmasıyla başa çatdığını qeyd edib. Komitə sədri Vətən müharibəsində qardaş Türkiyənin və Pakistanın ölkəmizə mənəvi-siyasi dəstəyindən söz açıb. İşğaldan azad olunmuş ərazilərdə hazırda aparılan abadlıq-quruculuq işlərindən danışıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasiminin baş tutduğu bugünkü günün də tarixi gün olduğunu vurğulayıb.   
Tədbirin açılış mərasimində çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov xalqımızı Zəfərə aparan yola nəzər salıb. Ordu-xalq birliyindən  danışıb, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini qeyd edib. Müzəffər ordumuzun qüdrəti, düşmənə layiqli cavab verməsi, Azərbaycan xalqını qalib xalq kimi dünyada tanıtması barədə danışıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini və müharibəni Qələbə ilə başa çatdırdığını vurğulayıb. 
Sonra videokonfransda Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Kamal Mahmudovun, Filologiya və ibtidai təhsil fakültəsinin dekan müavini dosent Qədim Rufullayevin, Maliyyə idarəetməsi və audit kafedrasının müdiri dosent Əlixan Bədəlovun, Kimya və fizika kafedrasının müdiri dosent İsa Hüseynovun Zəfərin tarixi, Vətən müharibəsində qazanılan qələbələrin xronikası, dövlət başçımızın siyasi iradə və qətiyyət nümayiş etdirərək beynəlxalq təzyiqlərə mətanətlə sinə gərməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu, işğaldan azad olunan ərazilərdə yüksək templə aparılan bərpa və quruculuq işləri barədə məruzələri dinlənilib. Vurğulanıb ki, Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlandığını göstərir. 
Məruzəçilər bütün iştirakçıları və xalqımızı Zəfər bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda Lənkəran Dövlət Universiteti təmsilçilərinin Vətən müharibəsində iştirak etdiyi, şəhadətə yüksələnlər, dövlət təltifləri alanlar, qazi olanlar barədə də iftixarla məlumat verilib. 
Sonra universitetin magistri Aytac Tacibzadə Azərbaycanda aparılan gənclər siyasətindən bəhs edib. Vətən müharibəsində iştirak edən gənclərin timsalında bu siyasətin düzgün qurulduğunu gördüyümüzü deyib. Bu gün Azərbaycan gənclərinin dünyanın 30-dan çox beynəlxalq təşkilatında ləyaqətlə təmsil olunduğunu bildirib.  
Videokonfransı yekunlaşdıran Ziyafət Əsgərov qeyd edib ki, yalnız hərb meydanında deyil, informasiya və diplomatiya sahələrində də məharətlə mübarizə aparan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təmkini, geniş erudisiyası, müdrik siyasəti sayəsində torpaqlarımız işğaldan azad olundu, xalqımız mənfur düşmənə qalib gələrək Zəfərə qovuşdu. 
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU