Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun xatirəsi yad edilib
İkinci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi, polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi veteranı Xeyrulla Mais oğlu İbrahimovun anım mərasimi keçirilib.
Anım mərasimində Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İkinci Fəxri Xiyabanda şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun məzarı önündə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, əziz xatirəsi yad edilib, nitqlər söylənib, qəbri üzərinə əklillər, gül-çiçək dəstələri düzülüb.
Çıxış edənlər şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı timsalında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıblar, bu qələbə uğrunda canlarını fəda etmiş Xeyrulla İbrahimov kimi şəhidlərin hər bir azərbaycanlıya örnək olmasından bəhs ediblər. Bildirilib ki, Azərbaycan dövləti və xalqı öz oğullarının Vətən uğrunda xidmətlərini yüksək qiymətləndirir və onları heç zaman unutmayacaqlar.
Şəhidin ailə üzvləri çıxışlarında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi