Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Yevlaxda dünya çempionu, şəhid Kamil Salahovun anım mərasimində iştirak edib

Tədbirlər
27 oktyabr 2021 | 15:48   
Paylaşın:        

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və deputat İlham Məmmədov Yevlax rayonunun Aran qəsəbəsində şəhid Kamil Mətləb oğlu Salahovun anım mərasimində iştirak ediblər.

Rayon ictimaiyyətinin, qəsəbə sakinlərinin, şəhid ailələrinin toplandığı mərasimdə Kamil Salahovun xatirəsi dərin ehtiramla yad olunub. 22 yaşında şəhadətə ucalan bu igid eloğlumuzun həyat yolundan, idman karyerasından, Vətənin ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlığından söhbət açılıb.

Bildirilib ki, hələ uşaq yaşlarından müxtəlif idman növləri ilə məşğul olan təvazökar xarakterli Kamil qarışıq idman növü – MMA üzrə beşqat Azərbaycan çempionudur. Gürcüstanda, Türkiyədə keçirilən yarışlarda qalib gəlib, 2012-ci ildə yeniyetmələr arasında MMA üzrə İranda keçirilən yarışda dünya çempionu olub.  

Kamil Salahov milli həmrəyliyin və yenilməz ruhun parlaq təzahürü olan Vətən müharibəsinin ilk dəqiqələrindən ön  cəbhədə olub. Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət və fədakarlıq göstərib. Torpaqlarımızın işğaldan azad olunması üçün canını əsirgəməyib. Düşmənin doqquz postunu yaran qəhrəmanımız sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralı döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsi ilə başından vurularaq şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə Kamil Mətləb oğlu Salahov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”,  “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Mərasimdə deputatlarımız şəhid ailəsinin qayğıları ilə maraqlanıblar. Kamilin Vətənə əmanət etdiyi yeganə balasının hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını bildiriblər.

Birinci vitse-spiker Əli Hüseynli müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan dövləti və dövlətçilik tarixi üçün misilsiz əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdanların əziz xatirəsinin əsrlər boyu sonsuz ehtiram və minnətdarlıqla anılacağını qeyd edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU