Özbəkistan nümayəndə heyəti ilə görüşdə

Tədbirlər
27 oktyabr 2021 | 17:50   
Paylaşın:        

Oktyabrın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitə sədri qonaqları salamlayaraq onları Milli Məclisdə görməkdən məmnun olduğunu bildirib. Oktyabrın 24-də Özbəkistanda prezident seçkilərinin uğurla keçməsi və Şavkat Mirziyoyevin yenidən dövlət başçısı seçilməsi münasibəti ilə nümayəndə heyətinə təbriklərini çatdırıb.

İki ölkə arasındakı münasibətlərdən danışan Tahir Mirkişili dövlət başçılarının yüksək səviyyəli münasibətlərinin ikitərəfli əməkdaşlığımızda mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qlobal reytinq cədvəllərində Azərbaycanın dünyada ən islahatçı ölkə kimi tanındığını deyən komitə sədri ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycanda aparılan davamlı islahatlardan və bu istiqamətdə Altıncı çağırış Milli Məclisin qarşısında duran çağırışlardan söz açıb.

O, Vətən müharibəsində Azərbaycanın Ermənistanın işğalına son qoyaraq əldə etdiyi Zəfərin regionda yaratdığı əməkdaşlıq imkanları barədə məlumat verib, azad edilmiş ərazilərdə görülən genişmiqyaslı quruculuq, kommunikasiyaların bərpası işlərindən bəhs edib, Özbəkistanın bu işlərdə iştirakı ilə bağlı fikirlərini səsləndirib.

Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimov təmsil etdiyi qurum haqqında məlumat verib, Özbəkistanın qarşısına qoyduğu iqtisadi inkişaf hədəfləri barədə danışıb. Ölkədə islahatların ikinci mərhələsinə hazırlaşdıqlarını bildirən qonaq səfərlərinin məqsədinin Azərbaycanın iqtisadi inkişaf modelinin, əməkdaşlıq imkanlarının yaxından öyrənilməsi olduğunu qeyd edib.

Görüşdə iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri deputat Rüfət Quliyev, Elnur Allahverdiyev və Məzahir Əfəndiyev qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən kənd təsərrüfatında əməkdaşlıq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə birgə fəaliyyət və digər məsələlər barədə fikirlərini açıqlayıblar.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU