Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Biləsuvarda və Cəlilabadda şəhidlərin anım mərasimlərində iştirak edib
Biləsuvar rayonunda şəhid oğullarımız – Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz Ağakərim oğlu İbrahimovun, İlkin İslam oğlu Abıyevin, Rahət Rafət oğlu İsayevin və Elməddin Sübhi oğlu Əlizadənin anım tədbirləri keçirilib.
Mərasimlərdə Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, deputat Bəhruz Məhərrəmov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər çərçivəsində şəhidlər ziyarət olunub, məzarları üzərinə güllər düzülüb, ruhlarına dualar oxunub.
Sonra Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və şəhid İlkin Abıyevin ev muzeylərinin açılışı olub. Mərasimdə çıxış edənlər şəhidlərimizin həyat və döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar barədə danışıblar, xatirələri yada salıblar.
*******
Cəlilabad rayonunda isə şəhid gizir Alxas Mirxas oğlu Yunusovun anım mərasimi olub.
Tədbirdə Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəhid gizirimiz Alxas Yunusovun və digər şəhidlərimizin məzarları ziyarət olunaraq üzərlərinə güllər düzülüb, ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli həm Biləsuvar rayonunda, həm də Cəlilabad rayonunda şəhidlərin valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, Vətənə layiqli və qəhrəman övladlar yetişdirdiklərinə görə valideynlərə təşəkkürünü bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi