Şəmkir rayonunda şəhidlərin xatirəsi yad edilib

Tədbirlər
28 oktyabr 2021 | 12:39   
Paylaşın:        

Şəmkir rayonunda 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş qəhrəman oğullarımızın - şəhid Tural Zahid oğlu Cuvarovun və şəhid Sehun Rafiq oğlu İbrahimzadənin anım mərasimləri keçirilib.

Anım mərasimlərində Milli Məclisin deputatı Nurlan Həsənov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Tural Cuvarovun Ələsgərli kəndindəki, şəhid Sehun İbrahimzadənin Tatarlı kəndindəki məzarlarını ziyarət ediblər, ruhlarına dualar oxuyublar, xatirələrini dərin ehtiramla anıblar. Mərasim çərçivəsində şəhid Sehun İbrahimzadənin adının əbədiləşdirilməsi münasibətilə Tatarlı kəndində inşa edilmiş xatirə bulağının açılışı da olub.

Tədbirlərdə şəhidlərin keçdiyi döyüş yolundan, Vətən torpağının azadlığı uğrunda göstərdikləri şücaətlərdən danışılıb. Milli Məclisin deputatı şəhid ailələrinin dərdlərinə şərik olub, şəhid yaxınları və qazilərlə söhbətləşib, onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentin müvafiq sərəncamları ilə yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda vətən və xalq qarşısında övladlıq borclarını şərəflə yerinə yetirdiklərinə görə  ölümlərindən sonra əsgər Tural Cuvarov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, əsgər Sehun İbrahimzadə isə “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif ediliblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU