Deputat Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
Milli Məclisin deputatı Fatma Yıldırım şəhidlərin anım mərasimləri ilə əlaqədar Bərdə rayonunda keçirilən silsilə tədbirlərdə iştirak edib.
Bərdə rayonu Zərifə Əliyeva adına orta məktəbdə Vətən müharibəsi şəhidi Baxış İlqar oğlu Rəhimlinin anım mərasimi, ona həsr olunmuş "Çinar ömrü" adlı kitabın təqdimatı, həmçinin Baxış Rəhimlinin boya-başa çatdığı Bala Qəcər kəndində onun adını əbədiləşdirən bulağın açılışı olub.
Mərasimlərdə qeyd edilib ki, Türkiyənin Kastamonu Universitetinin məzunu olan iqtisadçı Baxış Rəhimli Vətən müharibəsində son günədək əzmlə vuruşub, Şuşa döyüşlərində şəhid olub. Xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Bərdədəki Şəhidlər Xiyabanında unudulmaz ifası ilə yaddaşlara həkk olunan şəhid Xudayar Müslüm oğlu Yusifzadənin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım mərasimində Xudayarın döyüş yoldaşları, dostları, ailə üzvləri onun həyat və döyüş yolu haqqında xatirələrini bölüşüblər. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medallarıyla təltif olunub.
Mərasimdə deputat Fatma Yıldırım deyib ki, Xudayar Yusifzadə döyüş meydanında ifa etdiyi “Vətən yaxşıdır” təsnifi ilə Azərbaycan əsgərinin Vətənə olan sevgisini əks etdirərək qəlblərimizdə özünə taxt qurub. Onun kimi oğullar Vətən müharibəsində qanları-canları hesabına dastan yazdılar, doğma Qarabağımızı işğaldan azad etdilər.
***
Fatma Yıldırım Bərdənin Cəyirli kəndində şəhid Şahmuraz Əyyub oğlu Hümbətzadənin, Güloğlular kəndində şəhid Baloğlan Müdahət oğlu Nağıyevin şəhadətlərinin birinci ildönümü ilə bağlı ailələrini ziyarət edib. Hər iki şəhid ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Əyricə kəndində şəhid Yusif Bərxudar oğlu Nağıyevin ailəsinə baş çəkən deputat bütün şəhid ailələrinin dövlətin diqqət mərkəzində olduğunu bildirib. Söhbət əsnasında bu şəhidimizin "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunduğu qeyd edilib.
Ziyarətlər zamanı şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub. Deputat Fatma Yıldırım şəhidlərin valideynlərinə belə vətənpərvər oğullar böyütdükləri üçün minnətdarlığını bildirib, onların əziz xatirəsinin daim xalqımızın qan yaddaşında yaşayacağını vurğulayıb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi