Şəmkir şəhidləri İsmət Nüsrət oğlu Namazovun və Niyaməddin Zirəddin oğlu Musayevin xatirələri ehtiramla anılıb
Milli Məclisin deputatı Kamran Bayramov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və Mahmudlu kənd sakinləri ilə birlikdə şəhidlərin anım mərasimlərində iştirak edib.
Öncə Mahmudlu kəndindəki Şəhidlər Xiyabanında İsmət Namazovun və Niyaməddin Musayevin məzarları ziyarət edilib. Bütün şəhidlərimizin ruhlarına dualar oxunub, xalqımıza Qələbə iftixarı yaşadan igid Vətən oğullarının unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
Anım mərasimlərində bildirilib ki, hər iki şəhidimiz 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşublar. İsmət də, Niyaməddin də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında əzmkarlıqla iştirak ediblər, igidlik və qəhrəmanlıq göstəriblər. Bu cəsur eloğlularımız hərbi hissələri qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetiriblər.
Şəhidlərimiz İsmət Nüsrət oğlu Namazov və Niyaməddin Zirəddin oğlu Musayev ölümlərindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Mərasimlərdə deputat Kamran Bayramov şəhid ailələri ilə görüşüb. Deputat dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından, xalqımızın şəhidlərimizə dərin ehtiramından söhbət açıb, İsmət Namazov və Niyaməddin Musayev kimi oğulların heç zaman unudulmayacağını qeyd edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi