Milli Məclisin deputatı ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısında iştirak edib
Oktyabrın 26-da və 27-də hibrid formatda ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısı keçirilib. Tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib.
İki günlük konfrans çərçivəsində COVİD-19 pandemiyasının çoxtərəfli əməkdaşlığa yaratdığı əngəllər, Cənub-Şərqi Avropada Sahə Missiyalarının fəaliyyətləri, qlobal və regional miqyasda terrorizmlə mübarizə, region ölkələrinin Avropa İttifaqına inteqrasiya məsələləri, eləcə də ATƏT Parlament Assambleyasının Helsinki prinsipləri mövzusunda həyata keçirdiyi silsilə müzakirələr haqda fikir mübadiləsi aparılıb.
Konfransda ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev çıxış edib. O, nitqində mandatına Cənub-Şərqi Avropada, xüsusən də Qərbi Balkanlarda barışıq və münasibətlərin bərpasının təşviq edilməsi məqsədilə cəmiyyətin bütün təbəqələri arasında, xüsusən də parlament səviyyəsində dialoqun dəstəklənməsi, həmçinin demokratik təsisatların transformasiyası və formalaşmasına töhfə verilməsi, eləcə də regionda cərəyan edən əsas hadisələrlə bağlı Assambleyaya hesabat verilməsi, o cümlədən regiondakı məsələlərlə bağlı ATƏT və Parlament Assambleyasının müvafiq komitələrinin fəaliyyətinin koordinasiya edilməsinin daxil olduğu haqda məlumat verib.
Azay Quliyev regionda cərəyan edən gərginlikləri və cari durumun monitorinq edildiyini, yaxın gələcəkdə mandatı çərçivəsində ATƏT PA Prezidenti ilə birlikdə Türkiyəyə rəsmi səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. O,növbəti ay ərzində miqrantlarla bağlı durumun müzakirə edilməsi üçün Yunanıstana səfərinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Diqqətə çatdırıb ki, gələn il ərzində Serbiyada parlament, Bosniya və Herseqovinada isə ümumi seçkilərin ATƏT PA tərəfindən müşahidə edilməsi gözlənilir.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi