MİLLİ MƏCLİSDƏ 2013-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİ MÜZAKİRƏYƏ ÇIXARILDI

Tədbirlər
14 noyabr 2012 | 02:11   
Paylaşın:        
Milli Məclisin noyabrın 13-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olundu. 
Müzakirələrdə Baş nazir Artur Rasizadə və hökumət üzvləri iştirak edirdilər. 
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq bildirdi ki, ölkə Konstitusiyasına və “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq 2013-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Gələn il üzrə dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihələri, 2013-cü il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının proqnoz göstəriciləri, 2013-cü ildə büdcə-vergi siyasətinin və 2013-2016-cı illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri,  2013-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi strategiyaya uyğun olaraq hazırlanmışdır. Bu sənədlərdə həmçinin ölkənin sosial-iqtisadi inkişafının göstəriciləri və yaxın gələcəyi əhatə edən proqnozlar öz əksini tapmışdır. Növbəti ilin büdcə layihəsi haqqında Hesablama Palatasının rəyi deputatlara təqdim olunmuşdur. Büdcə zərfi Milli Məclisin bütün komitələri tərəfindən müzakirə edilmiş və Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.
          Sonra 2013-cü ilin dövlət büdcəsinin layihəsi haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırdı ki, gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə tam cavab verir. Gələn ilin dövlət büdcəsi 2013-cü ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaqdır. Bir neçə ildir ki, qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurmuşdur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşmüş, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşmişlər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, anti-böhran tədbirləri hələ də lazımi səmərə verməmişdir. Dünya böhranı onu da təsdiqləmişdir ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və başqa spesifik amillərə görə bir-birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları effekt vermir, böhrandan daha çox azad bazar münasibətlərini tam fetişləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa plana atan ölkələr əziyyət çəkirlər.
Azərbaycan isə dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanınmışdır. Bunun da əsas səbəbi odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirmiş və hökumət qabaqlayıcı tədbirlər görmüşdür.  Milli Məclis bir sıra qanunlarda dəyişikliklər etmiş, milli iqtisadiyyatın inkişafına dövlət dəstəyi artırılmışdır.
Belə bir uğurlu siyasətin nəticəsidir ki, dünyanın əksər ölkələrindən fərqli olaraq, Azərbaycanın iqtisadi inkişaf səviyyəsi yüksəlir, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin – ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. ÜDM-in həcmi 56 milyard manat (dollar ifadəsində 71 mlrd. dollar) təşkil edəcəkdir ki, bu da 2003-cü ilə nisbətən 8 dəfə (dollar ifadəsində 9,8 dəfə) çoxdur (2012-ci illə müqayisədə artım 4,7 milyard manat və ya 5,3 faiz təşkil edəcəkdir).
1990-2000-ci illərdə respublikada Ümumi Daxili Məhsulun orta illik aşağı düşmə sürəti 6,1 faiz təşkil etmişdir ki, bu da bilavasitə müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının böhran vəziyyətində olması ilə əlaqədar idi. 2000-2008-ci illərdə isə Azərbaycanda ÜDM-in orta illik artım sürəti 18,1 faizə bərabər olmuşdur ki, bu da nəinki MDB məkanında, eləcə də dünyada ən yüksək göstərici kimi qiymətləndirilmişdir.
Azərbaycanda əldə edilən yüksək inkişaf sürəti ölkəmizin MDB dövlətləri ilə müqayisədə iqtisadi gücünün və iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Beynəlxalq təşkilatların hesablamalarına görə, 2011-ci ildə hər nəfərə düşən ÜDM-in miqdarı Gürcüstan üzrə müvafiq göstəricidən 2,1 dəfə, Ermənistandan 2,3 dəfə çox olmuşdur, halbuki 1999-cu ildə Ermənistanda hər nəfərə 610 dollar, Gürcüstanda 780 dollar, Azərbaycanda isə 570 dollar ÜDM düşürdü. 2011-ci ildə bu rəqəmlər Ermənistanda 3033 dollar, Gürcüstanda 3210 dollar, Azərbaycanda 6832 dollar olmuşdur. Qarşıdakı dövrdə də ən mühüm strateji vəzifələrdən biri ölkədə iqtisadi inkişafın sürətli və keyfiyyətli artımını təmin etməkdən ibarət olacaqdır ki, bu da iqtisadi inkişaf səviyyəsini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmağa real imkan yaradacaqdır. 
Büdcə zərfinə daxil olan sənədlərdən görünür ki, Azərbaycan hökuməti ölkənin maliyyə imkanlarının genişlənməsinə baxmayaraq, onlardan səmərəli istifadə edilməsini, 2013-cü il üçün yeni maliyyə imkanlarının tapılmasını dövlət büdcəsinin hazırlanması zamanı prioritet vəzifələrdən biri hesab etmişdir. Bunu Hesablama Palatasının rəyi də təsdiq edir.
Sonra maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi haqqında geniş məruzə ilə çıxış etdi. Nazir bildirdi ki, 2013-cü il üçün dövlət büdcəsinin layihəsi əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2012-ci ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meylləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir. Cari ilin səkkiz ayı ərzində dövlət büdcəsinin gəlirləri 100,6 faiz (10 milyard 991 milyon manat) təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri isə 87,9 faiz (9 milyard 724 milyon manat) icra olunmuşdur. Bu ilin sonuna dövlət büdcəsinin xərclərinin 98 faiz icra olunacağı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq, 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaqdır.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcəkdir.
Layihənin tərtibi zamanı qeyd olunan amillərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun 11,7 faiz artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
Nazir demişdir ki, 2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə, 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 2 milyard 116 milyon manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manat və ya 22 faiz çoxdur. 2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 6 milyard 400 milyon manatını Vergilər Nazirliyinin, 1 milyard 380 milyon manatını Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcəkdir. 
Nazir diqqətə çatdırdı ki, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 400 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 3 milyard 760 milyon manatı qeyri-neft sektorunun, 2 milyard 640 milyon manatı isə neft sektorunun payına düşür.
Samir Şərifov bildirdi ki, 2013-cü il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 35,3 faizini təşkil etməklə, 19 milyard 810 milyon manat proqnozlaşdırılmışdır. Bu, 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çoxdur. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə olunan ehtiyac meyarının həddinin və ya əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun artımı da 2013-cü ildə dövlət büdcəsində öz əksini tapmışdır. Gələn il üçün sosial ipotekanın da məbləği artırılaraq 40 milyon manata çatdırılmışdır.
Bildirildi ki, gələn ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərcləri də artırılacaqdır. Bu sahələrin xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2012-ci illə müqayisədə 2,1 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 24,5 faiz çoxdur. Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 22,3 faiz təşkil edəcəyi gözlənilir.
Nazir onu da vurğuladı ki, Dövlət Neft Fondundan ayırmaların həcmi də artırılacaqdır. 2013-cü ildə Fondun xərclərinin 11,35 milyard manatı transfert qismində ölkənin dövlət büdcəsinə ayrılacaqdır.
Fond qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların yerləşdirilməsi üzrə tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin yekunlaşdırılmasına 107,4 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrasına 34 milyon manat ayıracaqdır.
Qeyd edilmişdir ki, gələn ildə elm xərclərinə 129,1 milyon manat (cari illə müqayisədə 5,7 milyon manat çox), təhsil xərcləri üçün 1 milyard 530,4 milyon manat (cari ildəkindən 18,8 milyon manat çox) vəsait nəzərdə tutulmuşdur.
Səhiyyə xərcləri üçün 2013-cü ilin dövlət büdcəsindən 666,3 milyon manat nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 3,6 milyon manat çoxdur. İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri bölməsində dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4 milyon manat vəsait nəzərdə tutulmuşdur.
İlk dəfə olaraq gələn ilin dövlət büdcəsində siyasi partiyaların fəaliyyəti ilə bağlı “Siyasi partiyalar haqqında” Qanunun icrası ilə bağlı 2 milyon manat ayrılacaqdır.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev 2013-cü il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri barədə məlumat verdi.
Nazir bildirdi ki,  ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına və Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq iqtisadi və sosial inkişaf konsepsiyasının əsas məqsədləri kimi ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması müəyyənləşdirilmişdir.                                               
Hazırda dünya iqtisadiyyatında mövcud olan problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı davam etmiş, nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Standart and Poors, Fitch, Moody’s kimi beynəlxalq reytinq agentlikləri  tərəfindən regionda investisiya reytinqi verilmiş ilk və yeganə ölkə Azərbaycandır. Qlobal Rəqabət Qabiliyyətlilik İndeksinə əsasən Azərbaycan artıq 3 ildir ki, MDB ölkələri arasında birinciliyini qoruyub saxlamış, cari ildə dünya ölkələri arasında isə 55-ci yerdən 46-cı yerə yüksəlmişdir.       
Proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-in tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcəkdir.                                                                                  
2013-cü ildə iqtisadi artım 5,3 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcəkdir. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən  29,4 faizə qədər azalacaqdır.                                              
Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş, 1 barelin qiyməti gələn il üçün 100, növbəti 3 il üçün 80 dollar qəbul edilmişdir.
Növbəti il üçün 1 dollar 78.5 qəpik qəbul edilmiş və inflyasiya tempi 5.7 faiz proqnozlaşdırılmışdır.        
Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan ortamüddətli dövrdə regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramlarının icrası başa çatacaq və nəzərdə tutulmuş tədbirlərin icrası,  o cümlədən yeni istehsal və xidmət müəssisələrinin tikintisi bütövlükdə iqtisadi inkişafa müsbət təsir göstərməklə, xüsusilə də qeyri-neft sektorunun dinamik artımına şərait yaradacaqdır. Təkcə cari ilin ilk yarısında regionlarda 170-dən çox yeni müəssisə istifadəyə verilmiş, hazırda 450-dən çox müəssisənin yaradılması davam etdirilir.
Bütün bunların nəticəsində qeyri-neft sənayesi üzrə 2013-cü ildə 18.1 faiz, növbəti üç ildə isə orta hesabla 11.2 faiz artıma nail olunacaqdır.           
Ölkədə yeni yaradılacaq, eləcə də fəaliyyət göstərən müəssisələrdə istehsal həcmlərinin artırılması hesabına qida məhsullarının istehsalında 2013-cü ildə 4.4 faiz, növbəti 3 ildə orta illik 4.9 faiz artım proqnozlaşdırılır.                                
Bununla yanaşı, proqnozlaşdırılan dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına qida sənayesinin inkişafına imkan yaradacaq sənaye üsulu ilə yeni quş əti və yumurta istehsalı, müasir texnologiyalar əsasında ət emalı, bitki yağları, süd, çörək istehsalı və digər müəssisələrin tikintisi  həyata keçirilir.                                                                  
Dövlət başçısının respublikada ərzaq təhlükəsizliyini davamlı olaraq gücləndirmək məqsədi ilə ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar qış otlaq sahələrində Özəl Pilot Taxılçılıq Təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur.                           
Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişlənməsi, regionlarda və Bakıda yeni müasir standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir.
Sosial və digər xidmətlərdə 2013-cü ildə 8.6 faiz, növbəti 3 ildə orta illik 5.3 faiz artım, ticarətdə 2013-cü ildə 13 faiz, növbəti üç ildə  isə 9.3 faiz orta illik artım proqnozlaşdırılır.     
2013-2016-cı illər ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində ölkə iqtisadiyyatına 32.7 milyard manat vəsait qoyulacağı proqnozlaşdırılır.                                           
2013-cü ildə orta aylıq əmək haqqının 3.9 faiz artaraq 440.3 manata, 2016-cı ilə qədər isə 562.7 manata çatacağı proqnozlaşdırılır.                                     
Nazir əminliklə söyləmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü, çevik və Azərbaycanı daha böyük hədəflərə aparan siyasəti, həyata keçirilən genişmiqyaslı işlər əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirəcək, Vətənimizə yeni uğurlar, xalqımıza firavanlıq gətirəcək, Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəkdir.                                                                              
Daha sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun büdcə layihəsi ilə bağlı rəyini açıqladı. Heydər Əsədov məlumat verdi ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi layihəsi müasir çağırışlara cavab verir və əhalinin rifahı üçün maliyyə təminatı yaradır. İlk dəfə olaraq dövlət büdcəsinin xərcləri 25 milyard ABŞ dollarından yüksək səviyyədə proqnozlaşdırılmışdır ki, bu da rekord göstəricidir. Ən yaxşı göstəricilərdən biri də xarici borclanmanın birdən-birə 2 milyard dollardan 750 milyon manata endirilməsidir. Bu, müasir çağırışlara yaxşı cavabın bariz nümunəsidir. Gələn il ilk dəfə olaraq borclanma aşağı həcmdə olacaqdır. Büdcənin gələn il üçün kəsiri ÜDM-in 1,17 faizi qədər və ya 656 milyon manat nəzərdə tutulmuşdur. Ancaq ehtimallar onu deməyə əsas verir ki, gələn il büdcə kəsiri 1 faizdən aşağı olacaqdır.
 Sonra iclasda dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıldı. Deputatlar layihə ilə bağlı çıxışlar etdilər. İş gününün sonunda müzakirələrin noyabrın 14-də davam etdirilməsi qərara alındı.
                        

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU