Milli Məclisin sədr müavini Adil Əliyev Ermənistanın Bərdədə törətdiyi terrorda həlak olan dinc sakinlərin anım mərasimində iştirak edib
Ermənistan silahlı qüvvələrinin ötən il oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Fatma Yıldırım, Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri və yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyulub.
Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatından, 44 gün davam edən Vətən müharibəsində təxminən otuzillik işğala son qoyulmasından və Azərbaycanın ərazi bütövlüyünün bərpasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərdən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Bərdə, Gəncə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar.
Tədbirdə çıxış edən deputatlar Fatma Yıldırım, Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildiriblər ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ancaq bərdəlilər ruhdan düşməyib, əksinə, möhkəm əzmkarlıq göstərərək Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşiblər.
Sonra mərasimdə Bərdə terroru ilə bağlı kompozisiya nümayiş etdirilib, həmçinin bu terroru özündə əks etdirən rəsm əsərləri sərgilənib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi