Vətən müharibəsində Zəfərimizin bir illiyinə həsr olunmuş onlayn elmi-praktik konfransda
Xəbər verdiyimiz kimi, Vətən müharibəsində Zəfərimizin bir illiyi münasibətilə Azərbaycan parlamenti ölkəmizdə fəaliyyət göstərən müxtəlif universitetlərlə birgə konfranslar təşkil edir. Bu sıradan növbəti tədbir oktyabrın 28-də Milli Məclisin və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Vətən müharibəsində Zəfərimizin bir illiyinə həsr olunmuş onlayn elmi-praktik konfransa qardaş Türkiyədən və Ukraynadan da alimlər qoşulub.
Tədbirdə öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub. Şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı diləkləri ifadə edilib.
Elmi-praktik konfransın iştirakçılarını salamlayan tədbirin moderatoru, BDU-nun kafedra müdiri, parlamentin komitə sədri Ziyafət Əsgərov məlumat verib ki, Vətən müharibəsində Zəfərimizin bir illiyinə həsr olunmuş bu tədbir Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və tövsiyəsi ilə, eyni zamanda Bakı Dövlət Universiteti rəhbərliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Sonra Milli Məclisin komitə sədri noyabrın 8-də qeyd edəcəyimiz Zəfər Gününün tarixi-siyasi, iqtisadi, hüquqi, mənəvi-psixoloji baxımdan müqəddəs gün olduğunu vurğulayıb. Bu möhtəşəm Qələbəni 30 il ərzində gözlədiyimizi deyib və Qarabağ münaqişəsinin tarixinə qısa ekskurs edib. Beynəlxalq münasibətlər sistemində və beynəlxalq hüquqda mövcud olan ikili standartlar səbəbindən bu problemin sülh yolu ilə həll olunmadığını və müharibənin qaçılmaz vasitəyə çevrildiyini qeyd edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatında Azərbaycanın Qələbə qazanaraq münaqişəyə son qoyduğunu və öz gücünə ədaləti bərpa etmək iqtidarında olduğunu beynəlxalq ictimaiyyətə sübut etdiyini vurğulayıb.
Elmi-praktik konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki və dünyanın hərb tarixindəki mövqeyini ətraflı təhlil edib. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, hərb meydanında verdiyi müdrik və cəsarətli qərarları, diplomatiyadakı uzaqgörənliyi və siyasi qətiyyəti, informasiya sahəsindəki geniş erudisiyası sayəsində, eləcə də ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusunun və ərazi bütövlüyümüz uğrunda canından keçən minlərlə Vətən övladının hünəri, rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib. Azərbaycanın 44 gündə Qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb, əsrlər boyu bu müharibə haqqında danışılacağına əminliyini bildirib.
Onlayn formatda elmi-praktik konfransa qoşulan Ankara Universitetinin professoru Cavid Abdullazadə və Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. XX əsrin sonlarında süni surətdə yaradılmış, beynəlxalq hüquqa zidd formada ortaya atılmış Qarabağ münaqişəsinin tarixi, gedişatı, bu münaqişəyə Qərb dövlətlərinin ikili standartlarla yanaşması, beynəlxalq hüquqdakı boşluqlar və digər məsələlər barədə danışıblar. Nəhayət, ötən ilin 27 sentyabrında başlanan Vətən müharibəsi ilə haqqın və ədalətin bərpa olunduğunu, Azərbaycan xalqının haqlı olduğu davada qalib gəldiyini, Azərbaycan dövlətinin regionda söz sahibi olduğunu və beynəlxalq miqyasda öz imicini möhkəmləndirdiyini vurğulayıblar.
Konfransda məruzə edən BDU-nun müəllimləri – Hüquq fakültəsinin professoru Əmir Əliyev, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Kərəm Məmmədov, Hüquq fakültəsinin dosenti, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Vətən müharibəsində qazanılan Zəfərin son 30 il boyunca qoyulan əsaslarından – Azərbaycan dövlətçiliyinin inkişafında Heydər Əliyev mərhələsindən, beynəlxalq nüfuzun möhkəmlənməsində güclü lider amilinin böyük rolundan, Prezident İlham Əliyev şəxsiyyətinin müstəsna keyfiyyətlərindən, iqtisadi tərəqqinin verdiyi imkanlardan və digər amillərdən söz açıblar. Bir sıra beynəlxalq təşkilatların son üç onillikdə münaqişəyə münasibəti təhlil olunub. İşğaldan azad edilmiş bölgələrdə aparılan bərpa, azadlıq və quruculuq işlərinin perspektivlərinə nəzər salınıb. Təcavüzkar Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlərə, barbarlığa görə beynəlxalq məsuliyyətə cəlb olunmasının vacibliyindən danışıblar.
Milli Məclis ilə BDU-nun birgə təşkil etdikləri onlayn elmi-praktik konfransı tədbirin moderatoru, professor Ziyafət Əsgərov yekunlaşdırıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi